1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri yenicə müstəqilliyini qazanmış Azərbaycan dövlətinə iflas olmaqdan qurtardı. Xalq öz seçimini etdi və böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlət çevrilişlərinin qarşısı alınıb, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib.
İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olub. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ümummilli Lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub. Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz ümummilli lider Heydər Əliyevin siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır.
Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili - “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir. Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının sözügedən Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.
Bu qərar dahi siyasətçinin dərin zəkasının, fitri diplomatik istedadının, siyasi uzaqgörənliyinin, geniş dünya görüşünün, siyasi iradəsinin, hadisələri qiymətləndirmə bacarığının, peşəkar rəhbərlik xüsusiyyətlərinin, ensiklopedik biliyinin, məharətli natiqlik bacarığının daha dərindən və ətraflı öyrənilməsi baxımından çox vacibdir. Heydər Əliyev irsinin və şəxsiyyətinin öyrənilməsi yalnız ölkəmizdə deyil, elə bütün dünyada diplomatiya və politologiya sahələrinə bəxş edilmiş böyük töhfədir. Digər tərəfdən, Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri