29 sentyabr 2024 12:15
435

Aİ bölgədə niyə sülh istəmir? - ŞƏRH

Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi, daha doğrusu, bu qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi, Azərbaycana qarşı hədyanlar səsləndiməkdə “ad çıxaran” Peter Stano Ermənistanın silahlandırılmasına və Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatla gündəmə gəlib. Hətta o, dırnaqarası “Avropa Sülh Fondu”nun sülh adı altında İrəvanın silahlandırılması siyasətini də dəstəkləyib. 

Bəli, ermənipərəst Peter Stano utanıb-qızarmadan həm Aİ, həm də onun üzv dövlətlərinin, xüsusilə  Fransanın təcavüzkar Ermənistanın genişmiqyaslı silahlandırılmasına bəraət qazandırır. Üstəlik, ərz edir ki, Ermənistanın silahlandırılması, silahlanması onun suveren seçimidir. Halbuki, o bilməmiş deyil ki, rəsmi İrəvanın bu addımları növbəti müharibəyə hazırlaqdan, havadarlarının təhriki ilə Cənubi Qafqazı qan canağına döndərmək  cəhdindən başqa bir şey deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiyi kimi, bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Şübhəsiz,  havadarlarının yardımı ilə Hayastanın belə sürətlə silahlanması Peter Stanonun və onun kimi düşünənlərin maraqlarına tam cavab verdiyindən o, belə bir mövqe sərgiləyir. Bu  isə o deməkdir ki, onun məqsədi sülh müqaviləsinin bağlanmasına əngəllər törətməkdən, Qərbin maraqları naminə regionda vəziyyəti gərginləşdirməkdən, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən, Ermənistanın avantürist planlarının reallaşmasına dəstək verməkdən ibarətdir. Bütün bunlar da Peter Stanonun timsalında Aİ-nin də bölgədə  sülhdə maraqlı olmadığını, gərginlik yaratmaq istəyini bir daha təsdiqləyir.

Onun Aİ-nn Ermənistandakı missiyası ilə bağlı səsləndirdiyi fikirlər də  tamamilə əsassız və qəbuledilməzdir. Belə ki, Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilməsi, hətta Avropa dövləti olmayan Kanadanın da bura cəlb olunması, Qərb ölkələrinin nümayəndələrinin Ermənistan ordusunda işə başlamaları iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, revanşist meyillərin artmasına, eləcə də təcavüzkar ölkəni dünya miqyasında “sülhpərvər” dövlət kimi göstərməyə  xidmət edir. Digər tərəfdən, Aİ missiyasının Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı, “Ermənistanı Azərbaycandan qorumaq”da olduğu  barədə fikirlər səsləndirməsi də rəsmi Bakının guya sülhpərvər ölkə olmamasına hesablanmış gedişlərdir.  Halbuki, Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Hətta İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. İndi də rəsmi Bakı  müxtəlif təzyiqlərə baxmayaraq, bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu mənada anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməsi tamamilə absurddur.  

Şübhəsiz, Peter Stano bu açıqlaması ilə açıq-aydın formada ermənilərin nazı ilə oturub-duran, erməni diasporuna  sadiqliyi ilə seçilən Aİ-nin  Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrelə sadiq olduğunu bir daha nümayiş etdirib. Hətta bu məsələdə ondan, əgər belə demək mümkünsə, bir çömçə artıq olduğunu göstərib. Amma Peter Stano və onun “həmfikirləri” unutmasınlar ki, onların bu kimi yollarla Azərbaycanı beynəxalq ictimaiyyətin gözündən salmaq cəhdləri əsla baş tutmayacaq. Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında bildirdiyi kimi, Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib:  “Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir”. Bu isə o deməkdir ki, bu cənab və onun kimi düşünənlər bilməlidirlər ki, bölgədə yaratdığı yeni reallıqlardan çıxış edən Azərbaycan onların arzularını ürəklərində qoyacaq. Yəni, Peter Stano kimilərinin nə demələrindən, daha doğrusu, bu formada sayıqlamalarından asılı olmayaraq rəsmi Bakı haqq yolundan heç zaman dönməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”