30 sentyabr 2024 10:39
587

3 oktaybr 1993-cü il: İnkişafa, tərəqqiyə gedən yolun başlanğıcı

Xalqı tarixdə yaşadan onu yetirdiyi böyük şəxsiyyətlərdir. Azərbaycan xalqının yetirdiyi şəxsiyyətlərdən biri də xalqımızın böyük oğlu, ulu öndər, türk dünyasının fəxri ulu öndər Heydər Əliyevdir. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən ümummilli lider Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı naliyyətlərin ilhamçısı və təşkilatçısıdır.

Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlandı. Böyük siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı ulu öndər Heydər Əliyev qətiyyəti, cəsarəti, iradəsi, həmişə uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq nümunəsi olmuşdur.

Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri, məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi.

Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin böyük etimadını qazanması xalqımızın onun dönməz siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik təcrübəsinə olan inamından, ən əsası Vətən, xalq sevgisinin böyüklüyündən irəli gəldi: Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.

Ulu öndər Heydər Əliyev o zaman hakimiyyət başına gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər sözün həqiqi mənasında böyük qəhramanlıq, hər şeydən əvvəl vətəndaşlıq hünəri idi. Cəbhədə atəşkəs elan olundu, ordu quruculuğu sahəsində səmərəli addımlar atıldı, iqtisadiyyatın inkişafı üçün təcili tədbirlər görüldü, demokratikləşdirmə prosesinə təkan verildi, iqtisadiyatımız dirçəlməyə başladı, respublikamızı tədricən düşdüyü ağır böhrandan qurtardı.

Dahi şəxsiyyətin şərəfli ömrünün tarixi səlnaməsi zəngin təlim-tərbiyə məktəbidir. Ulu öndərin vətənə, xalqa, doğma torpağa hədsiz məhəbbət və sədaqət hissi Azərbaycana rəhbərlik etdiyi illərdə misilsiz uğurlar qazandırdı. Onun şərəfli ömür səlnaməsi gənclərin təlim-tərbiyə xəzinəsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi parlayacaq” kəlamı zaman ötdükcə ümummilli liderin böyük təməllər üzərində qurduğu Azərbaycanın dünyaya günəş kimi parladığının şahidi oluruq.

Heydər Əliyev müdrik siyasətinin ilhamlı davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi aparır və ümumxalq məhəbbəti qazanır.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Abusət Zeynalov,

Böyük Xocavar kənd tam orta məktəbinin direktoru