01 oktyabr 2024 01:57
438

Soydaşlarımızın ata-baba torpaqlarına qayıdışı tarixi həqiqətin təntənəsi olacaq

Vətən anadır, doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Ulu əcdadlarımızın bizə əvəzsiz mirasıdır. Vətən anamız kimi hec zaman unudulmaz, yaddan çıxmaz. Yenə böyük vətənpərvər şairimiz Abbas   səhhərin söylədiyi kimi, “Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma”.

Qəhrəman Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru 30 illik işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 2023-cü ildə 24 saatlıq lokal anti-terror tədbirləri ilə isə ölkəmizin suverenliyi bərpa edildi. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır.

Hazırda uzunmüddətli erməni məkrinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.

Hazırda dövlətimizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Belə ki, İcmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələr aparılıb. İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.

1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Ölkəmizin başçısının tapşırığı ilə İcma tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Artıq İcmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. 

Beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına nail olan İcmanın fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Qərbi Azərbaycan İcması bu günlərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayması bunun əyani təsdiqidir. 

Bəyanatda bildirilir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib. Sənəddə göstərilir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir: “Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır. Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq”.

Tarixi yurd yerimiz, böyük vətənpərvər şairimiz Abbas Səhhətin yazdığı kimi, əcdadlarımızın mədfəni olan Vətənimiz Qərbi Azərbaycana Qayıdış konsepsiyası uğurla davam etdirilir. Bəli, o torpaqlar bizimdir, yurdumuz-yuvamız, elimiz-günümüz oradır. Biz tezliklə sülh yolu ilə  o müqəddəs yerlərə qayıdacağıq.

Zahid Rza, “İki sahil”