01 oktyabr 2024 08:56
348

Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq

Dövlət başçısı İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında bir daha bildirdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Cənab İlham Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: «Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.»

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə  həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Onu da qeyd edək ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün  iki Sərəncam imzalanıb.  Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə   onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün  şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı.

Aşıq Ələsgərin keçliyi ömür yolundan, yaradıcılığından geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki,  ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev  ermənilərin havadarlarının dəstəyi ilə  zaman-zaman  azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirməsindən bəhs etdi. Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir: «İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.»

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Azərbaycanın illərdir apardığı informasiya mübarizəsinin əsas tərkib hissələrindən  biri budur ki, dünya bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında  yarandığını bilməlidir. Tarixi faktlar təsdiqləyir ki,  XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Saxta tarix yazıb bu günə qədər  bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

1905-1907, 1918-1920, 1948-1953- cü illərdə  Rusiya  imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur.

1988-ci ildə ortaya atılan  Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız  narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə  keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

Separatçı ermənilərin  Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq  bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı.   Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin  Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı  İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı  Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz  Ermənistana və ona havadarlıq edən dövlətlərə  bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.

Dövlət başçısı İlham Əliyev   sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: «Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.»

O da məlumdur ki, dövlət başçısı İlham Əliyev 2022-ci il dekabrın 24-də doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Həmin görüşdə bu əminliyi ifadə etdi ki,  gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Çu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Qərbi Azərbaycan  tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da  bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilməlidir.

Dövlət başçısı İlham Əliyev  Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında «Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır» fikirlərinin davamı olaraq onu da bildirdi ki, işğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında bu barədə artıq bir neçə dəfə demişəm: «Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir.»

Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı.  Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti,  gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Tarixi Zəfərimizi, suverenliyimiz həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı  ideoloji təbliğat aparırlar. Azərbaycan hər zaman belə qərəzli  fikirlərlər, cəhdlərlə üz-üzə olub. Lakin dövlətimizin real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti  belə cəhdlərin qarşısını qətiyyətlə alıb, alır və alacaq. Cənab İlham Əliyev sözügedən çıxışında da bu reallıqları diqqətdən kənarda qoymadı. Bildirdi ki, antiterror əməliyyatının ildönümü ərəfəsində  yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki  işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, Böyük Qayıdış Proqramı uğurla icra edilir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Zəfərlərimizin başlanğıc nöqtəsi oldu. Cənab İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr Anım Günü, qarabağın tacı Şuşanı nazad edildiyi tarix-8 noyabr  Zəfər Günü kimi təsis edildi. Bu günlərdə, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabar tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdir ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq: «Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək… biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»

Yeganə Əliyeva, «İki sahil»