Bu gündən geriyə baxanda, hər şeyə müqayisə yolu ilə nəzər yetirəndə 1990-cı illərin xaos və kataklizm dumanında milli müəyyənliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın həyatında Ümummilli Lider Heydər Əliyevin hansı ölçüdə, böyük miqyasda rol oynadığı daha aydın və səhih boyalarla təhlilə gəlir.
1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. 1990-cı ilin 20 Yanvarında qırğın törədildi, 1991-ci ilin noyabr ayında helikopter qəzası, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı baş verdi. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası, eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı. 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.
Keçid dövrünün ovqatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazına verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan Azərbaycan xalqı həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni Liderin gəlişinə, xalqın nicat yoluna çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Nəhayət, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Xalq şairi Məmməd Araz o illərdə yazırdı: “Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi. Xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi”.
Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi Liderin işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri fonunda ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi diqqət çəkirdi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Heydər Əliyevə həvalə etdi.
Heydər Əliyev 1993-cü ilin 3 oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da sübut etdi ki, ölkəni, xalqı idarəetmə missiyası əmin əllərdədir. Həmin o qarışıqlıq və xaos dövründə Heydər Əliyevin söylədiyi bir ibrətamiz fikir Onun bütün fəaliyyət xəttini dəqiq xarakterizə edir: “Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz”. Heydər Əliyev yalnız milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu Sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi.
Heydər Əliyevin siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşması təqdirəlayiqdir. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilmsi barədə sərəncəmlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək: “Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”.
1993-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi yaradıcılıq missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu. Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların – “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin Heydər Əliyevin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.
1993-cü ildən, Azərbaycan Respublikasının Prezidenti kimi ali missiyanı icra edəndən az sonra Ümummilli Lider bütün istiqamətlərdə ardıcıl, davamlı uğurlara, irəliləyişlərə imza atdı. Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və ölkəmizdə ictimаi fikrin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin ölkəmizə yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı, Аzərbаycаnın Şərqdə unikаl, tоlerаnt bir Аvrоpа dövləti kimi təzаhür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.
Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə Dahi Lider təsbit etdi. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləri ilə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsı ilə gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Bаbəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirdi. Bəli, 1993-cü ildə Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli Liderin 25 il əvvəl bаşlаdığı azərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət etmişdir. Çünki bu mənəvi аbidənin, siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа artıq kəşf оlunmuşdur.
Elnarə Akimova,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru