01 oktyabr 2024 13:58
279

Azərbaycanda çox müsbət sərmayə mühiti var

Son dövrlər ərzində neft-qaz sahəsində əldə olunmuş uğurlu nəticələr ölkə iqtisadiyyatına, onun tərəqqisinə geniş imkanlar yaratmış, iqtisadi sahələrin davamlı olaraq inkişafına səbəb olmuşdur. Neft-qaz sektoru, son illər qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaratmışdır. Ölkə iqtisadiyyatında davamlı inkişafın ən başlıca səbəbi yerli və xarici investisiyalar hesabına olmuşdur. Azərbaycan üzrə cəlb edilmiş investisiya axınları 2001-ci ilə qədər neft-qaz sektoruna və bununla əlaqəli infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilmişdir. Məhz bu baxımdan da qeyri-neft sektorunun inkişafı müəyyən dövr ləngimiş, hər iki sektorda iqtisadi artımın eyni olmaması qeydə alınmışdır.

Azərbaycan Respublikası müasir şəraitdə dünya ölkələri üçün xarici investisiyaların cəlb edilməsi sahəsində əlverişli hesab olunur. 1994-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlbi prosesi başlamışdır. Neft sektoru ilə yanaşı qeyri-neft sektoruna investisiya qoyuluşları əsasən kredit vasitələri hesabına olsa da bu sahəyə yatırılmış birbaşa investisiyaların da payı diqqəti cəlb edir. Qeyri-neft sektoruna investisiya yatırımları həm daxili, həm də xarici kapital mənbələri hesabına həyata keçirilmişdir.

2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% çox investisiya yönəldilib.

Son illərdə iqtisadiyyata yönəldilən investisiyaların strukturunda qeyri-neft sektoruna yönəldilən investisiyaların xüsusi çəkisində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1% artıb. İstifadə olunmuş investisiyanın 3623,3 milyon manatı və ya 54,6%-i məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1%-ni daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4644 milyon manatı və ya 69,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ölkənin neft sektoruna yatırılan investisiyalar özünü tədricən doğrultduğundan qeyri-neft sektoruna, xüsusən iqtisadiyyatın emal, hazır məhsullar istehsalı və xidmət sahəsinə də xarici investisiyaların yatırılmasına maraq artmaqdadır. Bunun nəticəsidir ki, dünyanın ən aparıcı beynəlxalq maliyyə təşkilatları: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam Bankı, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankı,Avropa  Yenidənqurma və İnkişaf  Bankı və digərlər Azərbaycana büyük həcmdə xarici investisiya formasında kreditlər ayırmışlar.

Gülnarə Həsənova,
48 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü