Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son 15 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub.
Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirlərinin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir.
Dövlət başçısı cənab İlham Əliyev 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanda sabitliyin, normal biznes mühitinin mövcudluğunun yol açdığı uğurlardan da danışdı. Vurğuladı ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Cənab İlham Əliyev qeyd etmişdir ki, qeyri-neft sektorunda 7 faiz artm müşahidə edilir.
Hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşısına qoymuşdur. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilmişdir.
Neft sektorunda olan inkişaf iqtisadiyyatın digər sahələrinə də təsir göstərmiş, dövlətin qeyri-neft sektoruna təsir etmə imkanlarını daha da genişləndirmişdir. Lakin, neftin bərpa olunmayan resurs olması və son dövrlərdə dünya neft bazarında neftin qiymətində olan dəyişikliklər qeyri-neft sektorunu da inkişaf etdirir.
Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadiyyatında müsbət tendensiyalar nəzərə çarpır. İqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün, neftdənkənar sektorlara investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Bunun da nəticəsində qeyri-neft sektoru üzrə istehsal və ixrac göstəricilərində artım müşahidə edilməsinin zəruriliyini açıq şəkildə göstərmişdir.
Cəmilə Rzayeva,
Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü