01 oktyabr 2024 14:50
217

3 oktyabr müstəqil Azərbaycan tarixinin ən mühüm günlərindən biridir

3 oktyabr müstəqil Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1993-cü ilin həmin günündə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan Repsublikasının prezidenti seçilib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışının tarixi 15 iyundur. Həmin gün böyük dövlət xadimi xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlmiş və parlamentin sədri seçilmişdi. Lakin ölkədə siyasi xaos, qanunsuzluq hökm sürür, siyasiləşmiş silahlı dəstələr sabitliyi pozurdular. Oktyabrım 3-də keçirilən azad, şəffaf və demokratik seçkilərdə Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini  alaraq ölkənin prezidenti seçildi. Azərbaycanın dayanıqlı siyasi sabitliyin, qanunçuluğun, iqtisadi rihafın əsası, təməlləri həmin gündən qoyulmağa başladı. Ulu Öndər Heydər Əliyev bütün parametrləri üzrə özünə qədərki siyasi liderlərdən, dövlət başçılarından fərqlənirdi.

Əvvəla o, peşəkar siyasətçi, təcrübəli dövlət xadimi idi. Onun əsas xüsusiyyəti xalqın bağlı olması, ümummilli maraqlardan çıxış etməsi idi. Müdrik siyasi xadim olan Ulu Öndər Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağa, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gündən Ulu Öndərin bir amalı var idi: sabitliyi bəpra etmək, ölkəni müharibə girdabından çıxarmaq, dayanıqlı iqtisadiyyat, güclü ordu qurmaq. Azərbaycanın beynəlxalq əlaqələrini qurmaq, qonşu dövlətlərlə pozulmuş münasibətləri bərpa etmək.

Azərbaycanın müstəqliyyi Ulu Öndər Heydər Əliyev siyasətinin qırmızı xətti idi. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir” – Ulu Öndər çıxışlarında belə deyirdi.

Ulu Öndərin xarici səfərləri və orada etdiyi nitqlər diplomatiya dərsliklərinə düşəcək çıxışlardır. Heydər Əliyev bütün səfərlərində xaricdə yaşayan azərbaycanlılarla görüşür, onlarl azərbaycançılıq ətrafında sıx birləşməyə səsləyirdi. O, azərbaycanlı zabitləri, iqtisadçı mütəxəssisləri, diplomatları vətənə çağırırdı.

Qısa zamanda Ulu Öndər Heydər Əliyev Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında formalaşdmış mənfi imici dağıtmağa, ölkəmiz ətrafında yaranmış informasiya blokadasını yarmağa nail oldu. Ulu Öndər Azərbaycan xalqının ədalətli, sülhsevər imicini formalaşdırmağa çalışırdı. H.Əliyev Qarabağ münaqişəsinin də Azərbaycanın maraqlarına uyğun, ədalətli sülhə əsaslanan modellə həllinə çalışırdı.

Heydər Əliyev idarəetməyə yeni fəlsəfə gətirirdi. O, məmurları xalqa xidmətə səsləyir, özü buna nümunə göstərirdi. Heydər Əliyev nümunəvi iqtisadi modelin təməllərini atırdı. O, dəfələrlə çıxışlarından bildirmişdi ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu potensialı xalqın rihafına, ölkənin inkişafına sərf etmək lazımdır.

Ulu Öndər Heydər Əliyevin düzgün qurulmuş neft strategiyası Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin əsas amallarından biri də hüquqi dövlətin yaradılması, gələcək nəsillərə nümunəvi bir dövlət modeli qoyub getmək idi. Onun təşəbbüsü və müəllifliyi ilə 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə Konstitusiya qəbul edildi. Bu Ana Yasa ölkənin demokratik quruluşunu və inkişaf yolunu müəyyən etdi.

Azərbaycanın bugünki uğurları Ulu Öndərin 90-cı illərdə atdığı sağlam təməllərin nəticəsidir.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatinin sədr müavini