01 oktyabr 2024 17:03
569

Xalqımızın rifahı naminə

44 günlük Vətən müharibəsinin hər saatında və hər dəqiqəsində xalqımız Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevdən yeni-yeni qələbə müjdəli xəbərlər gözləyirdi. Hərbi əməliyyatların davam etdiyi müddətdə ordumuzun mühüm uğurlarından biri də 4 oktyabr 2020-ci ildə Cəbrayılın düşmən işğalından azad olunması oldu. Hələ 5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun reallaşdırdığı Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdu. Əslində Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə yaxınlaşdırırdı. Nəhayət 44 günlük Vətən müharibəsinin əvvəlində, daha dəqiq 4 oktyabr 2020-ci tarixində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun doqquz kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl  şəhəri də daxil olmaqla 80 kənd işğaldan azad edildi.

44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə yekunlaşdıqdan sonra qarşıda duran ən əsas vəzifə azad edilmiş şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin bərpasıdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır. Hər bir rayonumuzun azad edilməsinin ildönümü tarixini dövlət başçımız həmin bölgədən olan ictimaiyyət nümayəndələri, keçmiş məcburi köçkünlər, ziyalılar ilə birlikdə Qarabağda, Şərqi Zəngəzurda qeyd edir. Belə əlamətdar tədbirlər zamanı Cənab İlham Əliyev həmin bölgələrimizin bərpası ilə əlaqədar mühüm tapşırıqlar verir, həmçinin, vacib obyektlərin təməlqoyma mərasimlərində yaxından iştirak edir.

Cəbrayıl rayonuna dəfələrlə səfərlər edən dövlət başçımızın bu torpağa hər bir gəlişi vacib hadisələrlə yaddaşlarda qalır. 16 noyabr 2020-ci ildə ölkə Prezidentinin Xudafərin körpüsündə və Cəbrayıl şəhərində dövlət bayrağımızı ucaltması xalqımıza böyük qürur yaşatmışdı. 4-5 oktyabr 2021-ci il tarixli səfəri zamanı Cənab İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin servis mərkəzinin və Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimlərində yaxından iştirak etmişdi. Dövlət başçımız möhtərəm Cənab İlham Əliyevin 2024-cü il ərzində də Cəbrayıl rayonuna etdiyi səfərlər əlamətdar olmuşdur. Belə ki, ölkə rəhbərimiz Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməlqoyma, “Xudafərin” hidroqovşağının istismara verilməsi, “Qız Qalası” hidroqovşağının açılışı mərasimində yaxından iştirak etmişdir. Xalqımızın iradəsi və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti ilə işğaldan azad edilmiş torpaqlarımızda güclü iqtisadi infrasturuktur formalaşdırılır. Bütün bunlar isə xalqımızın rifahı naminə edilir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini