02 oktyabr 2024 10:17
295

Azərbaycanı zirvələrə ucaldan Heydər Əliyev yolu

3 oktyabr 1993-cü il tarixindən bizləri 31 illik zaman ayırır. Bu tarix qurtuluşa gedən yolun başlanğıcıdır. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər  Heydər Əliyevdə görürdü. Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev sabaha olan ümidləri bərpa etdi, ölkəmizin qarşısında yeni imkanlar, üfüqlər açıldı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyev Prezident seçildi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Bu gün hər birimiz böyük qürur hissi ilə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin bərpasından, tarixi sahibinə qovuşan torpaqlarımızda təkmil dirçəliş prosesindən, ən əsası xalqımızın 30 il səbirsizliklə gözlədiyi Böyük Qayıdışdan bəhs edirik. 30 illik işğal dövründə xalqımız bu amal, arzu ilə yaşadı. Torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız dogma yurd-yuvasına qayıtsın, bu ərazilər cənnət məkana çevrilsin. Artıq bu, arzu deyil, reallıqdır. Bu uğurumuz böyük səylərin, qətiyyətin, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoydu. Dahi şəxsiyyət müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycanı çətinliklərdən, faciələrdən xilas edərək inkişaf, tərəqqi yoluna çıxarmaqla bir daha sübut etdi ki, hər bir ölkənin inkişafında Lider və düşünülmüş siyasət amilləri əsasdır.

Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. İqtisadi və siyasi müstəqilliyimizin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ölkəmizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsinə çevrildi. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. 1993-cü ildən başlayaraq  Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün  ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlandı və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.

Ölkəmizin iqtisadi inkişafı bütün sahələrdə, o cümlədən müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində davamlı adımların atılmasını şərtləndirdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü iqtisadiyyat və güclü ordu vacib amillərdir. Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl növbəti mərhələdə, 2003-cü ildən sonrakı dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurların əldə edilməsinə stimul verdi. Bu gün böyük qürurla danışdığımız şanlı Qələbəmiz və suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünün təqdimatı oldu. Döyüş ruhunu daim artıran, maddi-texniki bazasını möhkəmləndirən, beynəlxalq standartlara cavab verən rəşadətli Ordumuz hazırda dünyanın ən güclü orduları sırasındadır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, hərbi gücümüzün artırılması bir nömrəli vəzifəmizdir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. İlk gündən belə bir çağırışı səsləndirdi ki, müstəqillik yollarında ilk addımını atan dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biri beynəlxalq aləmdə varlığının təsdiqlənməsidir.  Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində ikitərəfli və beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Bu gün Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşən ölkə kimi körpü roluna yeni əlavələr edir. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi diqqətdədir.

Xarici siyasətimizin əsas tərkib hissəsi hazırda tarixə qovuşan Qarabağ probleminin həlli idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli və davamlı addımlar atıldı və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olundu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünya həqiqətləri olduğu kimi qəbul etməyə başladı. Təəssüflər olsun ki, dünyanın ikili standartlara əsaslanan siyasəti problemlərə gətirib çıxardı. Qarabağ probleminin həlli prosesinin 30 ilə yaxın uzanmasında da bu amil əsas rol oynadı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı, Ermənistana bu sənədin icrası ilə bağlı heç bir sanksiya tətbiq olunmadı. İşğalçı dövlətə bu dəstəklər sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlük qazanmasında ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti əhəmiyyətli rol oynadı. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsasdır.

Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər  Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zirvələrə ucaldır. Bu gün böyük qürur hisi ilə qeyd edirik ki, qalib, bütövləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan ötən ilin sentyabrında suverenliyini tam bərpa etdi və yeni dövrə qədəm qoydu. Bu gün yeni Azərbaycanın qarşısında dayanan hədəflərdən danışırıq. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində  prezident və parlament seçkiləri keçirildi. Cənab İlham Əliyev istər prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, istərsə də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıdakı dövrün vəzifələrini açıqladı. Əsas hədəflərdən biri azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsidir. Bərpa-quruculuq işləri geniş miqyas alıb. Artıq soydaşlarımız 5 şəhərə və 4 kəndə qayıdıb. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Bu torpaqlara qayıdış davamlılığı ilə diqqətdədir. Ümummilli Lider Heydər Əliyevin  vaxtilə məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirlər artıq reallıqdır.  Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, işğaldan azad edilmiş bütün torpaqlarımızda  üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Azərbaycanı zirvələrə ucaldan, zəfərlərdən-zəfərlərə aparan məhz Heydər Əliyev yoludur. 

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı