1993-cü ilin oktyabr ayının yüngül payız sərinliyi, Azərbaycan xalqının ruhuna işıq saçan tarixi bir səhəri bəzəyirdi. Bu günün üfüqlərində yalnız şəfəq deyil, həm də müstəqilliyimizin, əzəmətli dövlətimizin yenidən doğuşu yazılırdı. Xalqın böyük inam və sevgi ilə seçdiyi Ulu Öndər Heydər Əliyev , Azərbaycan Respublikasının Örezidenti kimi millətinə qayıdırdı. Onun seçilməsi təkcə siyasi liderin qələbəsi deyildi, bu, minillik arzuların reallığa çevrildiyi, millətin qəlbindəki ümidlərin çiçəkləndiyi bir gündü. O gün Heydər Əliyev, xalqının dağılmaq üzrə olan ümidlərinin tək qurtuluş yolu idi.
Onun məlahətli və əzəmətli sözləri xalqın yaddaşında əbədi yer aldı: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə – bu müstəqilliyi əbədi etməkdir.Bu sözlər sanki bir dua kimi millətin ürəyinə işləyirdi, dövlətçiliyin əbədiyaşarlığını bəyan edirdi.
Heydər Əliyevin Qayıdışı xalqın qurtuluş səsi idi .1991-ci ildə müstəqillik əldə edilsə də, Azərbaycan xalqı böyük çətinliklər içində sıxışıb qalırdı. Qarabağ müharibəsi dərdlə dolu, qanla yazılmış bir tarix idi. Daxildə isə bir xaos hökm sürürdü. Ölkə, siyasi cəbhələrin arasında parçalanır, xalq öz gələcəyini sanki itirmişdi. Millət öz içində qaranlığa qərq olmuş, yolları bağlanmış kimi hiss edirdi. Bu zaman xalq Heydər Əliyevi bir nur kimi görür, onun gücündə, iradəsində qurtuluş axtarırdı.
Heydər Əliyev, xalqının bu çağırışına laqeyd qala bilməzdi. 1993-cü ilin iyununda, Azərbaycan ölüm-dirim mübarizəsinə qalxanda, o, xalqının səsini eşitdi və geri döndü. Bir xilaskar kimi, yenidən Azərbaycanın tale yollarına ayaq basdı. Bakıya qayıdışı , sanki əsrlər boyu çəkən bir ümidin yenidən yaşadılması idi. Bu qayıdış yalnız bir qurtuluş deyil, həm də yeni Azərbaycanın təməl daşı idi.
3 oktyabr 1993-cü il tarixi, Azərbaycan xalqının tarix boyu yaşadığı ən dərin sınaqlardan birinin zirvəsi idi. Bu gün xalq bir ürək, bir səs oldu. Millət təkcə liderini deyil, gələcəyini, müstəqilliyini və inamını seçirdi. Heydər Əliyevin 98,8% səs toplaması, xalqın ona sonsuz güvəninin və sevgisinin göstəricisi idi. Onun adı artıq tarixə qızıl hərflərlə həkk olunurdu. Bu seçim, təkcə bir siyasi qələbə yox, həm də millətin içindən doğan yeni bir çağın başlanğıcı idi.
O gün millət Heydər Əliyevlə gələcəyini birlikdə yazmağa, müstəqil dövlətçilik bayrağını əbədiyyətə doğru dalğalandırmağa and içdi.
Müstəqillik əbədi Zəfərdir
Azərbaycanın müstəqilliyi əbədidir– bu sözlər yalnız dilə gətirilən bir ifadə deyil, dərin mənası olan bir əhd idi. Heydər Əliyev bu ifadəni bir yaşam fəlsəfəsinə çevirdi. O, xalqına əbədiyyətin qapılarını açaraq, onu bu yolda bərabər addımlamağa səslədi. Dövlət müstəqilliyi təkcə siyasi azadlıq deyil, xalqın mənəvi dirçəlişi, gələcəyə inamının təməl daşı idi.
Heydər Əliyev, bu müstəqilliyi dönməz bir reallıq kimi qorumaq üçün möhkəm addımlar atdı. O, ölkədə sabitliyi bərqərar etdi, qanun və hüquq sistemini möhkəmləndirdi, xalqı birləşdirdi. Onun rəhbərliyi ilə dövlətin sütunları daha da gücləndirildi, müasir iqtisadiyyat formalaşdırıldı, xalqın rifahı yüksəldi. Ən böyük uğurlardan biri isə “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın dünya iqtisadiyyatında öz yerini tapmasına, millətimizin çiçəklənməsinə səbəb oldu.
İqtisadi sıçrayış: "Əsrin Müqaviləsi”
1994-cü il-Azərbaycanın tarixində yeni bir səhifə açdı. Heydər Əliyevin rəhbərliyi altında imzalanan Əsrin müqaviləsi ölkəni dünya səhnəsinə çıxardı. Azərbaycanın zəngin enerji resursları, ölkənin iqtisadi dirçəlişində mühüm rol oynadı. Hər bir neft quyusu, sanki müstəqilliyimizin dərin köklərinə su verən bir mənbə idi.
Bu, Azərbaycanın təkcə iqtisadiyyatının deyil, beynəlxalq arenada nüfuzunun da artmasına səbəb oldu. Heydər Əliyev dünya dövlətləri ilə əməkdaşlıq körpüləri salaraq, ölkəni regionda lider dövlətə çevirdi. Bu, Azərbaycanın yeni taleyinin yazıldığı günlər idi.
Heydər Əliyevin liderliyi, təkcə siyasi deyil, mənəvi bir yol göstəricisi idi. O, xalqının dərin sevgisini və inamını qazanmış, bir millətin ürəyi olmuşdu .Heydər Əliyev, xalqını yalnız gələcəyə deyil, həm də öz tarixinə bağlayır, hər addımında Azərbaycan xalqının əbədi olacağına inanırdı.
Dövlət müstəqilliyini qorumaq və əbədi etmək onun siyasətinin başlıca məqsədi idi. Hər bir çıxışında, hər bir addımında o, xalqına əbədiyaşarlıq, birliyə çağırış edirdi. Heydər Əliyev millətini sevərək ona rəhbərlik edir, hər bir fərdin dövlətin təməl daşı olduğunu vurğulayırdı.
Əbədiyyət yolu
1993-cü ilin oktyabrında Azərbaycan xalqı təkcə bir lider seçmədi – o, gələcəyini seçdi, müstəqilliyinə əbədi qovuşdu. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti öz qüdrətinə qovuşdu, müstəqillik yolunda möhkəm addımlarla irəlilədi. Onun irsi, onun əbədi adı bu gün də Azərbaycan xalqının qəlbində yaşayır, onun qoyduğu təməllər üzərində millətimiz daha da güclənir.
Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin iradəsi, qətiyyəti ilə öz yolunda irəliləyir. Müstəqillik əbədidir, dönməzdir və Azərbaycan xalqı bu müstəqilliyi əbədiyaşar edəcəkdir. Bu xalq, bu dövlət – qüdrətli Azərbaycan, əbədi bir ulduz kimi hər zaman parlayacaq.
Ruhiyyə Orucova,
269 nomrəli tam orta məktəbin tarix müəllimi