02 oktyabr 2024 11:20
191

Xalqımızın gələcəyini müəyyənləşdirən yolun başlanğıcı

Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol oynayır. Yəni , tarixi proseslərdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir. Və buna görə də "Şəxsiyyət tarix yaradır" ifadəsi əbəs yerə deyilmir.

 Azərbaycan xalqının Ümummilli Lideri möhtərəm Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən biri idi. Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi-mənəvi tariximizdə elə uca bir zirvədir ki, biz o zirvənin əzəmətini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik.

 31 il əvvəl - 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyuldu. Həmin gün xalqımız özünün gələcək taleyini inkişafını dəyərləndirərək bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi.

Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.

Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni başına götürmüş xaos, anarxiya, siyasi və iqtisadi böhran şəraitində xalqımızın Heydər Əliyevə üz tutması heç də təsadüfi deyildi. İnsanlar buna qədər Heydər Əliyevdən müdrik, Azərbaycanın və bütün xalqımızın maraqlarına xidmət edən rəhbərlik görmüşdülər. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən qabaqcıl sənaye respublikasına çevrilmiş, dünyada tanınmağa başlamışdı. Heydər Əliyev həmin dövrdə ermənilərin Azərbaycana olan bütün əsassız və saxta iddialarının qarşısını almış, onların torpaqlarımızı qəsb etmələrinə imkan verməmişdi. Heydər  Əliyev 1990-cı ilin 20 Yanvar faciəsi zamanı xalqımızın etiraz səsini bütün dünyaya çatdıran ilk şəxs olmuşdu.  Və Heydər Əliyev 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra Naxçıvanı erməni işğalından qətiyyətlə qorumuş, xilas etmiş, böyük uzaqgörənliklə sovet qoşunlarının muxtar respublikadan çıxarılmasına nail olmuşdu.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Heydər Əliyevin banisi və qurucusu olduğu müasir Azərbaycan dövləti bu gün onun ideyaları ilə yüksəlir, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər də Heydər Əliyevin ideyalarının möhtəşəm təntənəsidir.

İlhamə Xurşudova,
269 nomrəli tam orta məktəbin tarix müəllimi