Heydər Əliyevin adı müasir Azərbaycanın tarixinə həm də böyük xilaskar kimi düşüb.
XX əsrin sonlarında yenidən müstəqilliyi bərpa etdikdənsonra Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir".
Müasir Azərbaycan tarixində Ümummilli Liderin adı ilə bağlı olan siyasi proseslər ölkəmizin taleyində köklü müsbət dəyişikliklərin əsasını qoymuş və dövlətçilik tariximizdə yeni siyasi mərhələnin başlanğıcı olmuşdur.
31 il əvvəl - 1993-cü il iyunun 9-da Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlişi müasir dövlətçilik tariximizin ən mühüm siyasi hadisəsidir. Heydər Əliyevin qayıdışı Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu və xalqımızı böyük fəlakətdən xilas etdi. Dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz o təlatümlü dövrlərdə Ulu Öndərin başlatdığı xilaskarlıq missiyası, bu gün qürur duyduğumuz güclü Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın bugününü müstəqilliyimizi yenidən bərpa etdiyimiz ilk illərlə müqayisə etdikdə hansı təlatümlü günləri, faciələri arxada qoyduğumuzu, daha dəqiq desək, bu günümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət belə gedə bilməzdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş xaos, anarxiya, siyasi və iqtisadi böhran şəraitində xalqımızın məhz Heydər Əliyevə üz tutması heç də təsadüfi deyildi. Azərbaycan xalqı hələ Sovetlər dönəmində Azərbaycana rəhbərlik etmiş bu müdrik insanın ölkəmiz üçün etdiklərini unutmamışdı. Məhz Heydər Əliyevin sayəsində ölkəmiz geridə qalmış aqrar ölkədən qabaqcıl sənaye respublikasına çevrilmiş, dünyada tanınmağa başlamışdı. Bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi və daha sonralar keçmiş Sovetlər Birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrlərdə də doğma Azərbaycanının tərəqqisi üçün səylərini əsirgəməmiş, həmin dövrdə ermənilərin Azərbaycana qarşı bütün əsassız və saxta iddialarının qarşısını almış, onların torpaqlarımızı qəsb etmələrinə imkan verməmişdi. Bütün maneələrə, çətinliklərə baxmayaraq məhz Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinin ölkəmizə hərbi təcavüzünü qətiyyətlə qınayan, xalqımızın etiraz səsini bütün dünyaya çatdıran ilk şəxs olmuşdu. O, 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra Naxçıvanı erməni işğalından qətiyyətlə qorumuş, böyük uzaqgörənliklə sovet qoşunlarının Naxçıvan Muxtar Respublikadan çıxarılmasına nail olmuşdu.
Müstəqilliyin bərpasından sonra ölkədə hökm sürən hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Faktiki olaraq respublikada hakimiyyətsizlik hökm sürürdü. Elə həmin ilin iyunun 4-də Gəncədə baş verən hadisələr isə hərbi-siyasi böhranı daha da dərinləşdirdi. Belə bir mürəkkəb şəraitdə dövlətimizin və xalqımızın həqiqi liderə, güclü rəhbərə ehtiyacı vardı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Hər kəs yaxşı başa düşürdü ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız bu böyük insan ala bilər. Hətta o vaxt hakimiyyətdə olanlar da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində israrlı idilər.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Bakı Hava Limanında yerə endi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Heydər Əliyevin gəlişi müstəqilliyimizin və dövlətçiliyimizin taleyinin sual altında olduğu həmin həssas məqamda xalqımızın ümidlərini yenidən canlandırmış oldu. Xalqımız gözəl anlayırdı ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Xalq Heydər Əliyevə inanır, böyük şəxsiyyətin müdrikliyinə, siyasi təcrübəsinə, uzaqgörənliyinə, dövlətçilik təfəkkürünə güvənirdi. Heydər Əliyev qayıdışı ilə sanki dənizdə sükanını itirmiş gəmiyə bənzəyən Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürdü.
Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Bu gün 31 il sonra əminliklə demək olar ki, məhz Heydər Əliyevin sayəsində həmin vaxt Azərbaycanda qardaş qırğınının qarşısı alındı, onun qətiyyəti və sarsılmaz iradəsi sayəsində Azərbaycanla bağlı xarici siyasi dairələrin işə saldığı məkrli planların hamısı iflasa uğradı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıdışı ilə dövlətçilik tariximizdə yeni mərhələnin əsası qoyuldu. Altı gün sonra iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə parlamentdə təmsil olunan bütün siyasi qrupların məhz Heydər Əliyevin xilaskarlıq missiyasına olan ümid və inamının bariz nümunəsi idi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı, xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı.
Fəxarət hissi ilə demək olar ki, bu gün Heydər Əliyevin banisi və qurucusu olduğu müasir Azərbaycan dövləti onun ideyaları ilə yüksəlir, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər də məhz Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir.
Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın əldə etdiyi hər bir uğur göstərir ki, 31 il əvvəl başlanan Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Fariz Vahidov,
YAP Xətai rayon təşkilatının "2922- ci məhəllə, Zığ yolu küçəsi 41 C" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini