Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi məhv olmaqdan və parçalanmaqdan xilas etdi. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir” deyən – Ulu Öndərimiz öz adını Azərbaycan tarixinə qızıl hərflərlə, Vətənin və xalqın xilaskarı kimi yazdı. Bütün varlığı ilə ürəkdən öz xalqına və öz dövlətinə bağlı olan Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik. Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.
Ulu Öndər Heydər Əliyev həm də Azərbaycançılıq ideologiyasının banisidir. Çünki Ümummilli Liderimiz gözəl bilirdi ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Milli ideologiyamız hər birimizin qürur mənbəyidir. Azərbaycan dünyəvi dövlətdir. Öz milli dəyərlərimiz və ənənələrimiz ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir, bu dəyərlərə də hörmətlə yanaşırıq.
Dünya miqyasında nüfuzu durmadan artan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və artıq regionun lider dövləti sayılan Azərbaycanın inkişaf yolu, tərəqqisi, nailiyyətləri, uğurları və qələbələri elə bütün dünyanın da diqqət mərkəzindədir. İstər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri ölkəmizin uğurlu inkişaf yolunu bəyənir, örnək hesab edir. Xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarının işığında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara və qələbələrə doğru qətiyyətlə addımlayır.
Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri