1993-cü il oktyabrın 3-də keçirilən seçkilər 2024-cü ildə ərazisi bütöv olan Azərbaycanda keçirilən seçkilərə aparan yolun əsasını qoymuş oldu
1993-cü ilin 3 oktyabrında keçirilmiş prezident seçkilərində bir gənc olaraq iştirak etmişəm, eyni zamanda, sözün əsl mənasında mən həmin hadisələrin birbaşa şahidi olmuşam. Çünki o dönəmdə mən Rusiyada təhsil alırdım. Həmin ərəfədə Bakıya gəlmişdim. Qeydiyyatdan keçərək müşahidəçi qismində həmin seçkilərdə iştirak etdim. Həqiqətən də, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə hesab olunan 3 oktyabrda keçirilən Prezident seçkiləri Azərbaycan xalqının təntənəsi idi. Burada əsas məsələ ondan ibarətdir ki, həmin ərəfədə biz çox ağır dönəmlərdən keçirdik.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Deputat qeyd edib ki, 1992-1993-cü ildən hakimiyyətdə təmsil olunan AXC-Müsavat cütlüyünün yarıtmaz idarəetməsi nəticəsində ölkə çox böyük faciələrlə üz-üzə qaldı. Humanitar sahədə böhran hökm sürür, siyasi müstəvidə çox ciddi katakilizmlər yaşanırdı. Nəticə etibarilə xalqın yeganə ümid yeri məhz Ulu Öndər Heydər Əliyev idi. 1993-cü ilin iyun ayının 15-dən etibarən Ümummilli Lider Heydər Əliyev xalqın ən çətin günündə onun xilaskarına çevrildi. Xalqımız da 1993-cü ilin oktyabrın 3-də keçirilən Prezident seçkilərində böyük izdihamla iştirak etməklə öz layiqli övladına öz səsini verdi. Sözün əsl mənasında 3 oktyabr seçkiləri həm də demokratiyanın bir təntənəsi idi. Çünki bu seçkilər zamanı xalqın yekdilliyi, həmrəyliyi, birliyi, vəhdəti var idi. İnsanlar böyük coşqu ilə həmin seçkilərdə iştirak edirdilər. Ölkənin bu taleyüklü mərhələsində məhz qüdrətli Azərbaycan naminə xidmət göstərən, hər zaman onun inkişafı ilə birbaşa olaraq məşğul olan şəxsə öz səsini vermiş oldular. Yəni, ölkənin taleyini məhz həmin şəxsə həvalə etdilər. 1993-cü il oktyabrın 10-da Ulu Öndər Heydər Əliyev andiçmə mərasimindəki çıxışında bu məsələ xüsusilə öz bariz təsdiqini tapdı. Konkret olaraq həmin çıxışda da ölkənin hansı istiqamətlərdə və necə inkişaf edəcəyi barədə plan açıqlandı. Xalq öz səsini məhz Azərbaycanı ən çətin durumdan çıxartmağa qadir olan liderə verdi.
1993-cü il və 2024-cü il...
Azər Allahverənov bildirib ki, 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər 2024-cü ildə ərazisi bütöv olan Azərbaycanda keçirilən seçkilərə aparan yolun əsasını qoymuş oldu: “Bu məqam xüsusi olaraq vurğulanmalıdır. Bugünkü Zəfərin əsasında məhz 3 oktyabr 1993-cü il seçkiləri dayanır. Ölkənin sosial-iqtisadi suverenliyinin sonrakı mərhələdə təmin olunması, xüsusilə "Əsrin müqaviləsi"nin bağlanması, dünyanın aparıcı şirkətlərinin bir çoxunun Azərbaycanda konsorsium daxilində fəaliyyət göstərməsi, ölkənin maliyyə müstəqilliyini təmin edən, onun neft-qaz siyasətinin müstəqil və suveren şəkildə qurulmasına xidmət edən bir şəraitin yaradılması da məhz Ulu Öndərin siyasəti nəticəsində baş verdi. Bu iqtisadi müstəqilliyin təmin olunması, maliyyə azadlığının təmin olunması baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda, ölkə daxilində də müxtəlif qruplaşmalar, xarici mərkəzlərə bağlı olan birləşmələr Azərbaycana qarşı öz məkrli planlarını reallaşdırmağa çalışmışdılar. Bir neçə dəfə dövlət çevrilişinə cəhdin, digər hərəkətlərin qarşısı məharətlə alınmışdır. Bu, bir daha onu göstərmişdi ki, Azərbaycanın 3 oktyabr 1993-cü ildə əldə etdiyi böyük seçki Zəfəri xüsusilə də xalqın bu monolitliyi bir çox Azərbaycanı istəməyən mərkəzlər tərəfindən həzm oluna bilinməyən bir məsələdir. Buna görə müxtəlif yollarla çalışırdılar bu qələbəni sarsıtsınlar, əlimizdən alsınlar amma Ümummilli Liderimizin uzaqgörən siyasəti, peşəkar dövlətçilik xüsusiyyətləri , uzun müddət ölkənin rəhbərliyində ( keçmiş Sovetlər İttifaqının dönəmində) təmsil olunaraq çox böyük uğurlara imza atması və bu əsasda Azərbaycanla bağlı olan xilas siyasətinin inkişaf strategiyasına çevrilməsi məharəti öz sözünü dedi. Ölkəmiz nəinki öz müstəqilliyini qorudu, hətta sonrakı mərhələdə xüsusilə də Ümummilli Liderin qoyduğu inkişaf strategiyasının ana xəttini təşkil edən bir çox iqtisadiyönümlü vəzifələr sonrakı mərhələdə Onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildi. Nəticə etibarilə sonda 2023- cü ilin sentyabr ayının 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu onun bütün suveren ərazilərində tam bərqərar və bərpa oldu. 2024-cü ilin fevralın 7-də Azərbaycanda Prezident seçkiləri, sentyabrın 1-də parlament seçkiləri keçirildi. Bu iki seçki həm ölkə başçısının seçilməsi, həm də Milli Məclisin parlament üzvlərinin seçilməsi onunla əlamətdar oldu ki, ərazisi bütöv olan, ərazisi bərpa olunan ölkənin Konstitusion rejiminin bütün ərazilərdə bərqərar olduğu bir şəraitdə keçirildi. Yəni, tam olaraq ölkənin bütün ərazilərində bu seçkilər baş tutdu”.
Deputat vurğuladı ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının əsas elementləri kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması sonrakı mərhələdə misal üçün Bakı-Novorossiysk neft kəməri, Bakı-Supsa neft kəməri Azərbaycanın dünya bazarına çıxışını təmin edən mühüm layihələr idi: “Bu gün Azərbaycan məhz həmin layihələr hesabına Avropanın bir çox ölkələrinə qaz ixrac edir. Bunların da böyük əksəriyyəti məhz Avropa İttifaqına daxil olan dövlətlərdir. Bu gün Azərbaycan faktiki olaraq Avropanın bir çox ölkələri üçün enerji təhlükəsizliyinin zəmanətçisinə çevrilib. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində hansı nüfuza malik olduğunu bir daha göstərir. Artıq Azərbaycanla hesablaşır, ölkəmizə etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu gün məhz Azərbaycanın razılığı əsasında Cənubi Qafqaz bölgəsində layihələri reallaşdırılır. Azərbaycan həmin layihələrin bəzi hallarda təşəbbüskarıdır, bəzi hallarda avanqardında gedən lokomotiv dövlətdir, bəzi hallarda həmin o layihələrin birbaşa iştirakçısıdır. Bu gün daha böyük və iddialı geosiyasi proseslərdə iştirak edən Azərbaycan Avrasiya qitəsində yeni geosiyasi konfiqurasiyanın qurulmasına öz töhfəsini vermiş olur. Bu tək iqtisadi, ticari, nəqliyyat layihələrində deyil. Milli Məclisin deputatı bildirdi ki, burada həm də ideoloji məqamlar da var. Siyasi məqamlara misal olaraq Türk Dövlətləri Təşkilatının ildən-ilə güclənməsi, bu platforma üzərində yeni siyasətin qurulması, bir çox beynəlxalq platformalarda Azərbaycanın təmsil olunması və yeni platformalarda iştirakı ilə bağlı irəli sürülən faktiki niyyətlər Azərbaycanın nüfuzunun göstəricisidir. Azərbaycanın sözünün nə qədər güclü, nə qədər sanballı, nə qədər müstəsna olduğunu qəbul edirlər. Artıq bilirlər ki, Azərbaycan sözü imzası qədər dəyərli olan dövlətdir və Azərbaycanın sözün əsl mənasında, istər dövlətçilik, istər milli mənəvi dəyərlər baxım, istər bu dəyərlər əsasında ümumbəşəri dəyərlərə öz töhfəsini vermək baxımından xüsusi xidmətləri olan bir dövlətdir. Azərbaycan bu gün demokratik, hüquqi sözün əsl mənasında dünyəvi dövlətdir və bunu nə qədər görməzdən gəlmək istəsələr belə, etiraf edirlər və hesablaşırlar”.
Azər Allahverənov qeyd etdi ki, bu gün bu kimi nailiyyətlərimizin əsasında məhz 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri və seçkilərdə Ulu Öndərimizin parlaq qələbəsi dayanır: “Artıq yeni hədəflərə doğru gedirik. Postmünaqişə dövrünün çox ciddi çağırışları müəyyən olunub. İstər Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışına, istərsə də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışına diqqət yetirsək həmin çıxışlarda yer alan proqram istiqamətlərinə nəzər saldıqda görürük ki, bəli, Azərbaycan növbəti dövr ərzində çox böyük çağırışlar astanasındadır və Azərbaycanın üzərinə çox böyük öhdəliklər götürür. Əminəm ki, Azərbaycan bu vəzifələri uğurla icra edəcək. Necə ki, bu gün COP29-la bağlı Azərbaycan çox böyük işlər həyata keçirilməkdədir. Qoşulmama Hərəkatında 120-dən çox dövləti özündə birləşdirən bir platformaya sədrlik edən Azərbaycan böyük uğurlara, siyasi müstəvidə, geosiyasi kontekstdə uğurlara imza atmışdısa, bu gün artıq 200-ə yaxın dövlət COP29-un məhz Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edir və artıq Azərbaycan ümumbəşəri prosesə töhfə verə biləcək böyük bir hadisəyə ev sahibliyi etməyə hazırlaşır. Bu da Azərbaycanın növbəti uğuru olacaq və bir vətəndaş olaraq mən də bu məsələ ilə bağlı qürurla danışıram, bundan şərəf duyuram və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməli, güclü Azərbaycanımız naminə öz fəaliyyətini və zəhmətini əsirgəməməlidir”.
Yaqut Ağaşahqızı, “İki sahil”