03 oktyabr 2024 12:19
383

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik

Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilən 3 oktyabr 1993-cü il tarixindən 31 il ötür. 31 il zaman baxımından o qədər də böyük olmasa da, əldə edilən uğurların miqyası nöqteyi-nəzərindən zəngin bir dövrdür. Ulu Öndər Heydər Əliyev mənalı həyatının, siyasi fəaliyyətinin məqsəq və məramını bu sözləri ilə ifadə etmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq.» Onun görmək istədiyi Azərbaycan artıq dünya birliyində davamlı uğurları ilə diqqətdədir. Ən əsası qalib, bütövləşən Azərbaycan yeni reallıqları ilə həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açır. Amma bu zirvəyə yüksəlmək o qədər də asan olmamışdır. Hələ sovetlər ittifaqı dövründə yaranan ən kiçik fürsətdən belə Azərbaycanın rifahı naminə bacarıqla istifadə edən dahi şəxsiyyət Heydər Əliyev ötən əsrin sonlarında qətiyyətli dövlət və siyasi xadim olduğunu bir daha göstərdi.1991-ci ildən 1993-cü ilin iyun ayına qədərki dövr Azərbaycanın dövlətçilik tarixində fəlakət illəri kimi xarakterizə edilir. Qısa müddətdə bir neçə dəfə dəyişilən, Azərbaycana idarə etmək bacarığında, səriştəsində olmayan səbatsız rəhbərlərin bağışlanılmaz səhvləri üzündən təhlükə ilə üzləşən ölkəmizi parçalamaq istəyən xarici qüvvələr daxili satqınlardan istifadə etməklə istəklərinə nail olmağa məqam axtarırdılar. AXC-Müsavat iqtidarının hakimiyyəti illərində yaranan vəziyyət isə daha acınacaqlı və dözülməz idi. Xaos içərisində qalan xalqı idarə etmək qabiliyyətindən məhrum səbatsızların yeganə «xidmətləri» dövlət büdcəsini boşaltmaq, iflic vəziyyətinə saldıqları ölkə iqtisadiyyatını dağıtmaq, obyektiv səbəblərdən fəaliyyəti dayanan müəssisələrin bir vaxtlar valyuta ilə alınan avadanlıqlarını hərraca çıxarmaq, ucuz qiymətə xarici havdardarlarına satmaq oldu. Gəncə qiyamı vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. O dövrdə baş verənlərin əsl mahiyyətini başa düşməyənlər belə Azərbaycanın taleyi üçün narahatlıq keçirirdilər. Həqiqət bu idi ki, müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, iqtidarda ekstremist elementlərə qarşı ciddi mübarizə aparmaq gücündə kadr yox idi. Müxtəlif partiyalara məxsus könüllülər arasında baş verən qarşıdurmalar, «mənəm-mənəmlik» iddiaları daha təhlükəli idi.

1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.

O da məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev ili» elan edildi. Həmin sənəddə də qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Onun ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamladı, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü oldu. Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. O, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və məharətlə həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu.

Xalq-iqtidar birliyinin sarsılmazlığı 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı xilaskarının ətrafında sıx birləşdi. Bu həmrəylik sabaha böyük ümidlərlə dolu Ulu Öndər Heydər Əliyevə inamın əbədiyyət yolu oldu. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da, Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı. 
Prezident İlham Əliyev davam etdirdiyi varislik siyasəti ilə Ümummilli Lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı. Ulu Öndərin həyatının mənası Azərbaycanı inkişaf etmiş qüdrətli dövlət kimi görmək olub. Buna görə də «Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi» sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir. Onun Azərbaycan üçün gördüyü işlər, xalqına göstərdiyi xidmətlər misilsizdir. Azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, şüurunun, təfəkkürünün, tarixi yaddaşının formalaşması, cəmiyyətin təkmilləşməsi, demokratikləşməsi, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanan qüdrətli dövlətin qurulması üçün imkanlarından bacarıqla istifadə edən, taleyinin ən çətin anlarında sınaqlardan qətiyyəti, cəsarəti, zəkasının qüdrəti ilə çıxan bu böyük şəxsiyyət haqqında deyilən sözlər hər bir azərbaycanlıda böyük qürur hissi doğurur. Daim Azərbaycanın müstəqilliyi naminə fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi istəyini Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, digər dövlət atributlarını bərpa etməklə gerçəkləşdirərək, respublikamızın dünyaya açılan pəncərəsini zəkası ilə nurlandırdı.

Qeyd etdiyimiz kimi, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, xalqını vətəndaş müharibəsindən xilas etdi. Dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi. SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq olan Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun dəyərləndirən, 1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi: Müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf və güclü iqtisadiyyat, islahatlar və müasir cəmiyyət quruculuğu, müasir və güclü ordu quruculuğu, suverenlik, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik milli ənənələrə və tarixi köklərə bağlılıq.

Qeyd olunan bütün istiqamətlər üzrə konseptual proqramlar əsasında Azərbaycanın gələcək inkişafını təmin edəcək proqramlar hazırlayan Ulu Öndər hələ sovetlər dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla bu gün dünya birliyində ən qüdrətli ordulardan olan Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı. Milli zabit kadrların yetişdirilməsinin, müdafiə qüdrətimizin təməlini qoydu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə təcrübəli hərbçilərimizin misilsiz rolu vardır. Bu Qələbədə həm də müdrik şəxsiyyət, Ulu Öndər Heydər Əliyev uzaqgörənliyinin böyük rolu vardır. Respublikamızın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün heç bir dahinin, liderin ağlına gəlməyən, cəsarəti çatmayan «Əsrin müqaviləsi» kimi neft strategiyasını hazırlamaqla Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşdirdi. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan, qeyri-sabit, riskli ölkə kimi tanınan respublikaya belə inam yaratmaq həqiqi mənada möcüzə idi. Ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, «Üç dəniz əfsanəsi»nin reallaşması Ulu Öndər Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi.

Ulu Öndər Heydər Əliyevin hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Ümummilli Liderin uğurlu siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Erməni təcavüzkarlarının məkrli niyyətlərini dərin biliyi, dövlətçilik təcrübəsi, zəngin dünya görüşü ilə beynəlxalq ictimaiyyətə çatdırdı. Siyasi proseslər təsdiqləyir ki, bu müdrik şəxsiyyətin ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan Ulu Öndərin simasında dünyaya liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi. Ulu Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Dahi şəxsiyyət təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi.

Bu gün Azərbaycana hansı sahədən baxsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciəti Böyük Yolun davamı oldu. 2003-cü ildə keçirilən prezident seçkilərində ona göstərilən etimadı Ulu Öndər Heydər Əliyev siyasətinə inam adlandıran, andiçmə mərasimində Ümummilli Liderin ideyalarının daim yaşayacağını bildirən cənab İlham Əliyevin «Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır» sözləri artıq reallıqdır. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Azərbaycan özünün Şərq və Qərb arasında sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməyən, siyasi-ideoloji varisliyi qoruyub saxlayan Prezident İlham Əliyev Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirir, dövrün tələblərinə uyğun düşünülmüş və prinsipial siyasət yürüdür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin sonuncu vəsiyyətini də yerinə yetirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Ulu Öndərin ideyalarının gerçəkləşməsidir. Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətimizdir. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın döyünən ürəyi Şuşada üçrəngli Bayrağımız dalğalanır. Tarixi Zəfərimiz dövlətimizin qətiyyətinin, rəşadətli ordumuzun gücünün, xalqımızın birliyinin dünyaya nümayişi oldu. Müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında layiqli yerimiz, 30 illik işğaldan sonra qürur doğuran Zəfərimiz Ulu Öndərin göstərdiyi fədakarlığın məntiqi nəticəsidir. Ümummilli Lider daim bu çağırışı edirdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq.

O da məlumdur ki, dövlət başçısı İlham Əliyev ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini Qarabağın tacı Şuşadan etdi. «Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam» söyləyən cənab İlham Əliyev bildirdi ki, Şuşa Zəfərimizin rəmzidir, tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırıldı və Şuşanın azad olunması tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə diqqəti yönəldən cənab İlham Əliyev həmin müraciətində bu reallığı da xüsusi qeyd etdi ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı və Azərbaycan xalqının faciələri o gündən başladı. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Ümummilli Lider Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası apardılar: «Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır… Bu tarixi çıxışdan sonra, - çünki Sovet İttifaqının dağılmasına hələ iki ilə yaxın bir vaxt var idi, heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı iki ildən sonra dağılacaq, yəni, bu bəyanat böyük cəsarət tələb edirdi, əsl vətənpərvərlik tələb edirdi, - təbii ki, bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qalması artıq mümkün deyildi. Bir neçə aydan sonra - 1990-cı ilin iyul ayında o, Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Onun faktoru, güclü lider olması görünür ki, onları yaman narahat edirdi və faktiki olaraq, ona edilən təzyiqlər nəticəsində o, doğulduğu şəhərə - Naxçıvana getmiş və orada yaşamağa başlamışdır.»

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkün deyil. Onun 2003-cü ildə xalqa tarixi müraciəti uğurlarımızın davamlılığının, zəfərlərə doğru inamla addımlamasının əsası oldu. Hər zaman böyük qürur hissi ilə qeyd etdiyimiz kimi, bu uğurların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanır. Cənab İlham Əliyev Ümummilli Liderin 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində bu qürurverici məqamı da xüsusi qeyd etdi. Bildirdi ki, 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq: «O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.»

Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu günlərdə, suverenliyimizn bərpasının bir illiyində cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Azərbaycanın müstəqillik tarixinə Dövlət Suverenliyi Günü kimi yazıldı. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu çağırışı böyük qürurla vurğuladı ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, doğma torpaqlarımızda qururuq, yaradırıq. Xalqımız tam əmindir ki, Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, söydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da eyni hissləri yaşayacaqlar. Dövlətimizin başçısı bu çağırışı da edir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə , heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq o qədər də səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir.

Yeganə Əliyeva, «İki sahil»