Neokolonializmlə effektiv mübarizə aparmaq üçün Azərbaycan kimi ölkələrlə birləşmək lazımdır.
“İki sahil” xəbər verir ki, bunu jurnalist və kommunikasiyalar üzrə mütəxəssis Abdarahman Von Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə Bakıda olmaq və neokolonializmlə mübarizəyə həsr olunmuş belə mühüm konfransda iştirak etmək mənim üçün böyük şərəfdir. Neokolonializm Afrika ölkələrinin üzləşdiyi əsas problemlərdən biridir. Biz müstəmləkə mirasından xilas olmamışıq. Afrikalılar birləşməli və öz taleyi, muxtariyyəti və müstəqilliyi haqqında düşünməlidirlər”, - o qeyd edib.
A.Von vurğulayıb ki, BTQ nəinki Afrika ölkələrində, həm də digər regionlarda neokolonializm probleminə toxunulduğu mühüm dialoq aparmaq imkanı yaradıb: “Buna görə Azərbaycan dövlətinə və xalqına çox minnətdarıq”.
Mütəxəssis gələcəkdə dünyanın digər ölkələrində də belə tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu deyib.