04 oktyabr 2024 00:43
355

Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir - ŞƏRH

Ötən əsrlərdən başlayaraq tarixi Azərbaycan torpaqlarına ermənilərin başqa ölkələrdən köçürülməsi bir sıra ermənipərəst dövlətlərin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilmişdir. Həmin zamanlardan orada yaşayan soydaşlarımız sıxışdırılmış, təzyiqlərə məruz qalmış, ən nəhayət, yer-yurdları tərk etməyə məcbur olmuşlar. Bu proses bir neçə dəfə baş vermiş, soydaşlarımız axırıncı dəfə 1988-ci ildə kütləvi deportasiya olunmuşlar. Bir sözlə, indiki Ermənistan adlanan qədim Azərbaycan torpağında bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Bu illər ərzində ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da tarixi irsimizi silmək məqsədilə bütün dini və mədəni abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Tarixə nəzər salsaq görərik ki, əsl həqiqət heç vaxt itmir, gec-tez aşkara çıxır. Ermənilərin apardığı bu mənfur siyasət də bu səbəbdən uğursuz olub. Çünki tarixi həqiqəti sübut edəcək mənbələrimiz var. Ötən əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz tarixi mənbələrə istinadla sübut edirik ki, indiki Ermənistan ərazisində əsrlər boyu Azərbaycan xalqı yaşayıb.

Məlumdur ki, keçmişdə Azərbaycanın şərq vilayətləri ilə Anadolunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üzərində yerləşən, hazırda isə şimaldan Gürcüstanla, şərqdən Azərbaycanla, qərbdən Türkiyə ilə, cənubdan isə İranla həmsərhəd olan bu ərazilər indi Ermənistan kimi tanınsa da, vaxtilə qədim Oğuz yurdu, tarixi Azərbaycan torpaqları olub. Bu, inkaredilməz faktdır. Bunu həmin ərazidəki saysız-hesabsız maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, qəbirüstü abidələr, istehkam qala və saray qalıqları, karvansaralar, körpülər, Göyçə gölü ətrafında tapılan heykəllər, məscidlər də təsdiqləyir. Ermənilərin tarixi Azərbaycan torpaqlarında etnik tərkibin dəyişdirilməsi ilə bağlı siyasətinə gəlincə onu deyə bilərik ki, bu hal məqsədyönlü şəkildə mütəmadi olaraq həyata keçirilib. XV əsrin ortalarında Qaraqoyunlu hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzinin Kilikiyadan, erməni mənbələrində qeyd edildiyi kimi, “Azərbaycan ölkəsində olan Üçkilsəyə” (Eçmiədzinə) köçürülməsinə icazə verib. Tədricən Üçkilsə və onun ətrafında yerli azərbaycanlı əyanlara məxsus torpaqlarda Kilikiyadan köçüb gələn erməni ailələri məskunlaşıb və bu proses sonrakı yüzilliklərdə daha da genişlənib. Ermənilər tərəfindən 1639-cu ildə Üçkilsə məbədinin Alban memarlıq üslubuna uyğun mehrabı sökülüb, yenidən inşa edilib. Mədəniyyətimizə qarşı törədilən bu cür vandalizm aktları sonrakı dövrlərdə də baş verib. I Pyotrun hakimiyyəti illərində də ermənilər Rusiya İmperiyası üçün etnik dayaq yaradılması məqsədilə planlı şəkildə Qərbi Azərbaycana köçürülüb. Bu siyasət daha sonra müxtəlif dövrlərdə təkrarlanıb və ermənilər vaxtaşırı bu ərazilərdə məskunlaşdırılıb. Çar Rusiyası İrəvan xanlığını özünə birləşdirdikdən sonra bu bölgədə möhkəmlənmək məqsədilə yerli müsəlman-türk əhalini sıxışdırmağa və Azərbaycan ərazisinə erməniləri köçürməyə başlayıb. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv edildikdən sonra burada qondarma “erməni vilayəti” yaradılıb. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra ermənilərin Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, keçmiş İrəvan xanlığının ərazilərinə köçürülməsi kütləvi xarakter alıb. Ardınca sovet hakimiyyəti zamanı da ermənipərəst siyasətin nəticəsində Qərbi Azərbaycan torpaqlarına qeyri-qanuni erməni köçləri davam etdirilib. Belə ki, Suriyadan və Livandan xeyli sayda erməni ailələri burada yerləşdirilib. Qərbi Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran ermənilər utanmadan, “Yersiz gəldi - yerli, qaç”, “Dağdan gəlib bağdakını qovmaq” frazeoloji birləşmələrinə uyğun etnik təmizləmə siyasəti də aparıblar. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktlarının həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindən kütləvi şəkildə və zorakılıqla sürgün edilib.

2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. Bu məsələ növbəti tarix, dövr üçün ən mühüm taleyüklü bir məsələ olaraq artıq ölkəmizin gündəliyinə daxil edilib. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən birinin məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsi olduğunu vurğulayaraq deyib: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Xatırladaq ki, ötən il yanvarın 26-da Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin olunması barədə Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir.

Bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir. Sentyabrın 30-da Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvasına qayıdış hüququnu xatırladıb. Dövlətimizin başçısı Qarabağa, Şərqi Zəngəzura qayıdış hissi yaşayan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan həmvətənlərimizin də bu sevinci yaşayacağına inandığını vurğulayaraq deyib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Sevinc Azadi, “İki sahil”