04 oktyabr 2024 01:30
374

Ermənipərəstlərin əsas təzyiq metodu

“Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.

Bu sözlər Prezident İlham Əliyevə məxsusdur. Amma Qərb, eləcə də ABŞ öz maraqları naminə hələ də bu məsələni gündəmdə saxlamaqda, daha doğrusu, ölkəmizi Qarabağın dağlıq hissəsində etnik təmizləmədə, bir sözlə, orada insan hüquqlarının pozulmasında günahlandırmaqdadır.

Varşava İnsan Ölçüsü Konfransında ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın "Dağlıq Qarabağda" insan hüquqları və humanitar hüquqların pozulmasına istinad etməsi bunu bir daha sübut edir. Halbuki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsini məcburi şəkildə tərk etmələri ilə bağlı iddialar tamamilə absurddur. Çünki erməni əsilli şəxslərin Azərbaycan ərazisini, yəni Qarabağ bölgəsini tərk etmələri onların könüllü və fərdi seçimi olub. Əminliklə demək olar ki, bu seçimdə separatçılarla yanaşı, Makron Fransasının və bir sıra digər ölkələrin də əli olub.

Faktlar və dəlillərlə sübut edilib ki, Azərbaycan erməni əhalinin Qarabağı tərk etməsində heç zaman maraqlı olmayıb. Rəsmi Bakının istəyi bölgədə yaşayan erməni əhalinin reinteqrasiyasına nail olmaq, onları 30 ildə Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtararaq, ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına qovuşdurmaq idi. Şübhəsiz, bu faktlardan ABŞ da xəbərdardır, bu ölkənin rəsmiləri də… Bu mənada əslində heç bir rəsmi  şəxs, qurum, eləcə də dövlət buna şübhə ilə yanaşmamalı, əsassız iddialar səsləndirməməlidır.

Amma di gəl, erməni diasporunun təsiri altına düşən Dafna Rand və onun kimi “siyasətçi”lər, həmçinin bəzi beynəlxalq qurumlar Azərbaycanın beynəlxalq normalar çərçivəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməni əhalinin bölgəni könüllü şəkildə tərk etməsini “etnik təmizləmə”, “məcburi köçürülmə” kimi hallandırır. Üstəlik, bu uydurmanı  ölkəmizə qarşı sözün həqiqi mənasında əsas təzyiq  vasitəsinə çevirirlər.  Bütün bunlar bir daha göstərir ki, belə sayıqlamalar Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, Ermənistanı  müharibəyə sürükləməyə çalışan  qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın bir hissəsidir.  Həm də bu, onu göstərir ki, onlar Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyinin təmin etməsini, bölgədə yeni reallıqlar yaratmasını, söz sahibi olmasını, müstəqil siyasət yürütməsini qəbul etmək istəmirlər. Rəsmi Bakı isə beynəlxalq normalar daxilində belə təzyiqləri dəf etməkdədir.  

Bəs görəsən, Dafna Rand Ermənistanda soydaşlarımızın  hüquqlarının pozulmasına niyə istinad etmir?  Məgər o bilmirmi ki,  Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqları kütləvi şəkildə pozulub? Təkcə bir faktı xatırladaq ki, Hayastandan axırıncı deportasiya zamanı qovulmuş 300 000-dən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. Odur ki, bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışmasınlar. Prezident İlham Əliyevin bildirdiyi  kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir. Bu mənada Dafna Randın bu sayıqlaması beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqəti yayındırmaqdan başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”