04 oktyabr 2024 11:53
322

Azad Cəbrayıl!

Zaman-zaman şanlı-şərəfli tarixi keçmişi, zəngin təbiəti, məhsuldar torpaqları və üzlərini halallığa söykəyən sakinləri ilə tanınan Cəbrayıl rayonu,  ana Vətənimizin gözəllər-gözəli Qarabağın bir parçası, qəlbimizin hərarəti, gözlərimizin nurudur. Coğrafi ərazisində 4480 hektar çeşidli ağac və bitki növləri ilə zəngin meşə, 58686 hektar əkin və otlaq sahəsi, 1077 hektar meyvə və 5385 hektar üzüm bağları rayonun varı-varidatı idi. Uzaq əsrlərdən soraq verən Xudafərin körpüləri, bənzərsiz qədim memarlıq abidələri, yaşı lliklərlə ölçülən nəhəng çinar ağacları, 118 kəhriz,  99 bulaq rayonumuzun adını dillər əzbəri etmişdi.

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ölkəmizin inzibati xəritəsində 1050 kv.km. ərazisi olan rayonumuz 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.                                                                                                     

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri vardır. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Cəbrayılda respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edilib.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü