04 oktyabr 2024 12:45
405

Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 4-cü ildönümü: Tarixi zəfərimizin rəmzi

Bu gün Azərbaycan xalqı üçün böyük önəm daşıyan, tarixin qızıl səhifələrinə yazılan şanlı bir günün ildönümünü qeyd edirik. 4 oktyabr, 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə başlayan bu tarixi gün, Azərbaycan Ordusunun qələbə yürüşünün mühüm mərhələsi kimi yaddaşlara həkk olunub. Bu qələbə yalnız bir şəhərin işğaldan azad edilməsi deyil, həm də Azərbaycanın illərlə gözlədiyi, həsrətlə yaşadığı ədalətin bərpa olunması idi. Cəbrayılın azad edilməsi ilə başlayan bu mərhələ, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin ən parlaq nəticələrindən biri oldu.

Cəbrayıl uzun illər boyu erməni işğalının ağır nəticələrinə məruz qalmışdı. 1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Cəbrayıl, həmin dövrdə Azərbaycanın ən strateji ərazilərindən biri idi. Rayonda 1 şəhər, 4 qəsəbə və 92 kənd yerləşirdi. O vaxt Cəbrayıl rayonu həm təbii resursları, həm də mədəniyyət və maarif sahəsində inkişaf etmiş infrastrukturu ilə tanınırdı. Lakin bu torpaqların işğalı, rayonun tarixi, mədəni və sosial həyatına dərin zərbə vurdu. Rayonun əhalisi məcburi köçkün vəziyyətinə düşdü, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları dağıdıldı, 13.9 milyard ABŞ dolları dəyərində ziyan vuruldu.

İşğalın nəticələri təkcə maddi itkilərlə məhdudlaşmadı. Erməni vandalizmi nəticəsində Cəbrayılın tarixini və mədəni irsini yaşadan bir çox tarixi abidələr məhv edildi. Ərazidə yerləşən “Divlər Sarayı” mağarası, “Məscid Təpəsi” kimi tarixi yerlər, Xudafərin körpüləri və digər arxeoloji abidələr ya tamamilə dağıdıldı, ya da ciddi şəkildə zədələndi. İşğalın illəri ərzində rayonun tarixi və mədəni irsi hər keçən gün daha da yox olma təhlükəsi ilə üzləşdi. Lakin Azərbaycan xalqı və Cəbrayıldan olan məcburi köçkünlər öz doğma torpaqlarından heç vaxt vaz keçmədilər. Onlar öz evlərinə qayıdacaqları günü səbirsizliklə gözlədilər və bu inam heç zaman sarsılmadı.

2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyat, Azərbaycanın tarixinə “Vətən müharibəsi” kimi daxil oldu və qısa müddət ərzində böyük qələbələr qazandı. 4 oktyabrda isə Azərbaycan Ordusu 27 illik işğaldan sonra Cəbrayıl şəhərini azad etdi. Bu tarixi hadisə Azərbaycan xalqının qürur və sevincini bir daha zirvəyə qaldırdı. Cəbrayılın azad edilməsi yalnız bir şəhərin qurtuluşu deyildi, bu, bütöv bir millətin azadlıq və haqq uğrunda apardığı mübarizənin simvoluna çevrildi.

Cəbrayılın azad olunması ilə Azərbaycan xalqı illərdir gözlədiyi ədaləti bərpa etdi. Bu qələbə Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın birliyi sayəsində mümkün oldu. 2020-ci ilin Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun bir çox strateji kəndləri də azad edildi. Bu əməliyyatlar Azərbaycan Ordusunun gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl əməliyyatı zamanı Azərbaycan əsgərləri düşmənə ağır zərbələr vurdu və Ermənistanın hərbi strategiyasını məhv etdi.

Qürurla qeyd edirik ki, Cəbrayılın azad edilməsi ilə yalnız tarixi ədalət bərpa olunmadı, həm də Azərbaycan xalqı öz dədə-baba torpaqlarına geri dönmək üçün yeni bir ümid qazandı. Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda sürətli bərpa və yenidənqurma işləri başlandı. Cəbrayıl şəhəri və rayonunda da bu proses yüksək templə həyata keçirilir. Bu gün biz Cəbrayılda yeni qurulan infrastrukturun, yol çəkilişlərinin və sənaye obyektlərinin tikintisinin şahidi oluruq. “Araz Vadisi İqtisadi Zonası” kimi mühüm iqtisadi layihələr bu regionun inkişafında əhəmiyyətli rol oynayacaq. Artıq bu layihə çərçivəsində 12 sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bu sənaye parkları Cəbrayılın iqtisadi potensialını yenidən bərpa edəcək və regionun inkişafına mühüm töhfələr verəcək.

Bundan əlavə, Cəbrayıl rayonunun elektrik təchizatı tamamilə bərpa edilib və Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə bölgənin enerji təminatı tam gücü ilə təmin olunub. Bütün bu addımlar Böyük Qayıdışın mühüm mərhələləri kimi yaddaşlara yazılır. Azərbaycanın azad edilmiş bütün ərazilərində olduğu kimi, Cəbrayılda da həyat yenidən canlanır. Cocuq Mərcanlı kəndinin bərpası ilə başlayan Böyük Qayıdış prosesi, indi Cəbrayılda və digər azad olunmuş torpaqlarda tam sürətlə davam edir.

Prezident cənab İlham Əliyev dəfələrlə Cəbrayıl rayonuna səfərlər edib və burada görülən işlərlə şəxsən tanış olub. Onun rəhbərliyi altında Cəbrayıl rayonunda aparılan bərpa işləri Azərbaycanın gələcəyi üçün mühüm strateji əhəmiyyət daşıyır. Prezidentin səfərləri zamanı verdiyi bəyanatlar, həm Cəbrayılın, həm də Azərbaycanın digər azad edilmiş ərazilərinin parlaq gələcəyinə olan inamını ifadə edir. Bu ərazilərdə həyata keçirilən infrastruktur layihələri, yolların, məktəblərin, xəstəxanaların və digər obyektlərin tikintisi Azərbaycanın azad olunmuş torpaqlarını yenidən həyata qaytarır.

Cəbrayıl şəhərinin azad olunması və burada aparılan bərpa işləri Azərbaycan xalqının gücünü, iradəsini və gələcəyə olan inamını əks etdirir. Azərbaycan xalqı artıq qalib xalqdır və bu qələbə bizə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmir, eyni zamanda gələcəyimiz üçün böyük bir stimul verir.

Bu gün biz Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümünü qeyd edərkən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, qazilərimizə şəfa arzulayırıq. İndi Cəbrayılda dalğalanan üçrəngli bayrağımız, Azərbaycan xalqının qələbəsini və yenilməzliyini bir daha bütün dünyaya bəyan edir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor