05 oktyabr 2024 12:30
327

Fələstin PFA-nın baş katibinin saxlanılması ilə əlaqədar FIFA və BOK-a şikayət edib

Fələstin Futbol Federasiyası (PFA) təşkilatın baş katibi Firas Əbu-Hilalın İsrail tərəfindən saxlanılması ilə əlaqədar Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə PFA-nın mətbuat xidməti məlumat yayıb. “Federasiyanın baş katibinin 4 saatdan artıq saxlanılması Olimpiya Xartiyası, bütün beynəlxalq və idman qayda və qanunlarının açıq şəkildə pozulmasıdır. Biz beynəlxalq və regional idman qurumlarının pozuntulara son qoyulmasını təmin etməsini tələb edirik”, - məlumatda bildirilib. Qeyd edilib ki, bu, baş katibin saxlanılması ilə bağlı birinci hal deyil.

Xatırladaq ki, PFA-nın baş katibi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Fələstin yığmasına qoşulmaq üçün oktyabrın 3-də ölkədən çıxarkən saxlanılıb. Fevral ayında Yaxın Şərq ölkələrinin Futbol federasiyaları FIFA-ya məktub göndərərək İsrail millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb etmişdi. Bu çağırışı 12 federasiya, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ nümayəndələri dəstəkləyib.