05 oktyabr 2024 20:35
460

Dünya Çempionatına yola düşən yığma komanda üzvləri ilə görüş keçirilib

Bu gün Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı, Zeyd İdman Mərkəzinin prezidenti Vüqar Tağıyev və mərkəzin nümayəndələri Qrapplinq üzrə Qazaxıstanda keçiriləcək Dünya Çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçiriblər.

“İki sahil” xəbər verir ki,  görüşdə federasiya prezidenti və məsul şəxslər komandanın hazırlığı, qarşıdakı yarışın yığma üçün əhəmiyyəti haqda söz açmış, hakimlərə, məşqçilərə və idmançılara öz tövsiyələrini veriblər. ZFC rəhbərliyi idmançılara öz dəstəyini ifadə etmiş və daim yığmanın yanında olduqlarını bildiriblər. Hakim heyətinin rəhbəri Elvin Rəhimov, Baş məşqçi Əkbər Hadıyev çıxışlarında yığmanın yarışa tam hazır olduğunu bildiriblər, federasiya rəhbərliyinə və tərəfdaşlara minnətdarlıqlarını ifadə ediblər. Yığma üzvlərinə yeni idman geyimləri təqdim olunub.

Görüşün sonunda xatirə şəkili çəkilib.

Xatırladaq ki, 7-12 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə Dünya Çempionatı keçiriləcək. Yarışda Azərbaycandan 40-nəfərlik heyət iştirak edəcək.