06 oktyabr 2024 15:10
102

Elxan Elatlının “Ölümsüz qətl” romanının təqdimatı olub

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Elxan Elatlının “Ölümsüz qətl” romanının təqdimatı olub.

“İki sahil” xəbər verir ki, təqdimat mərasimində əsərin məzmunundan söhbət açılıb. Diqqətə çatdırılıb ki, romanda məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlının rayonların birində törədilmiş cinayət işini araşdırmasından bəhs olunur. Belə ki, gənc iş adamının və onun sürücüsünün azyaşlı oğulları oğurlanır və hər iki şəxsdən övladlarına görə pul tələb olunur. Polisə xəbər veriləcəyi halda isə uşaqların öldürüləcəyi bildirilir. İş adamı bu barədə rayon polis şöbəsinin rəisinə gizlincə məlumat verir. Rəis vəziyyətin qəlizliyini nəzərə alaraq Bakıdan Qanbay Qasımlını dəvət edir. Q.Qasımlı təhqiqata başlayan kimi anlayır ki, cinayətkar oğurlanmış uşaqların yaxından tanıyıb etibar etdiyi biridir...

Təqdimat mərasimində oxucuların suallarını cavablandıran müəllif indiyə kimi “Xəstə ruhlar” əsərinin onu ən çox təsirləndirdiyini, “hansı əsərinizə film çəkilməsini istərdiniz” sualına isə bunun “Mərtəbələr” əsəri olduğunu bildirib. “Yazıçı əsəri üzərində işləyəndə təsirlənirsə, o zaman oxucu da eyni hissi keçirəcək, yox əgər sadəcə öz savad və biliyi ilə yazarsa, oxucular da əsərdən təsirlənməyəcək,” - deyə müəllif qeyd edib.

Vətən müharibəsindən sonra “Alternativ əməliyyat” və “Qazinin ölümü”nü yazdığını qeyd edən E.Elatlı İkinci Dünya müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılova və Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş əsərlərinin olduğunu, bundan sonra da yaradıcılığında cəsur oğullara, şəhidlərimizə xüsusi yer ayıracağını deyib. Müəllif gələcək əsərlərində yeni qəhrəmanların da olacağını diqqətə çatdırıb.

Sonra imza saatı keçirilib.