07 oktyabr 2024 10:22
414

ABŞ iqlim maliyyəsilə bağlı xərcləri artırmaq əvəzinə regionda yeni münaqişə ocağı yaratmağa çalışır

Deputat həmkarlarımın ABŞ ilə münasibətləri yenidən nəzərdən keçirməklə bağlı xarici işlər nazirinə məlum müraciəti əslində Azərbaycan xalqının Birləşmiş Ştatların ikili standartlarına olan hiddətini ifadə edir. ABŞ Dövlət katibinə “müraciət” ünvanlayan ermənipərəst konqresmenlər 30 il ərzində bir dəfə də olsun azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından danışmayıb. Postmünaqişə dövründə Ermənistandan bütün azərbaycanlıların deportasiyasına, Qərbi Azərbaycan İcmasının müraciətlərinə reaksiya verilməyib. Amma müharibə cinayətkarları ən ali səviyyədə müdafiə olunub, bu gün də bu tendensiya davam edir. Müharibə başa çatandan dərhal sonra sülh əlini uzadan Azərbaycanın sülh istiqamətindəki təşəbbüslərini görmək istəmir, yenə Ermənistandan “sülh göyərçini” düzəltməyə çalışırlar.

2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur. Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

ABŞ-ın COP ərəfəsində bu destruktiv davranışı isə iqlim konfransını siyasiləşdirmək cəhdidir. Ən çox müharibələr aparan, ən çox neft istehsal edən, ekologiyanı ən çox çirkləndirən ABŞ iqlim maliyyəsilə bağlı xərcləri artırmaq əvəzinə diqqəti tamam başqa istiqamətə yönəldir. Azərbaycanla yenə təzyiq və təhdid dili ilə danışmağa çalışır. Azərbaycanı “etnik təmizləmə”də ittiham edirlər.

Azərbaycanın ABŞ ilə mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün konstruktiv davranışına qarşılıq bu cür qərəz təbii ki, qəbuledilməzdir.

Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən məsələlərin müzakirəsinə ev sahibliyi etməyə hazırlaşır. Hazırda iqlim dəyişikliyi elə problemlər yaradıb ki,  bütün dünya ölkələri vahid mövqedən çıxış etməli, həll yolları tapmaqda maraqlı olmalıdırlar. Xüsusilə ABŞ dünyanın super gücü kimi bu məsələdə öndə getməli, təşəbbüskarlıq göstərməlidir.

COP-un gündəliyi olduqca aktual məsələlərlə zəngindir. İqlim maliyyəsindən tutmuş neokolonializm probleminə qədər çoxsaylı mövzuların müzakirəsinə bu platformada imkan yaranacaq.

Nigar Məmmədova,

Milli Məclisin deputatı