07 oktyabr 2024 11:35
423

İdeoloji təhdid istənilən dövlət üçün ciddi təhlükədir

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, ölkəmizin ideoloji təxribatlara və informasiya təhdidlərinə hazır olması vacibliyini xüsusi qeyd edib: “İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil”.

İdeoloji təxribatlar istənilən dövlət üçün ciddi təhlükə, təhdid yaradır. Ümumiyyətlə, ideoloji təhlükəsizlik milli təhlükəsizliyin ən əsas elementlərindən biridir. Yəni hərbi təhlükəsizlik ölkənin müdafiəsini, hərbi qüdrətini təmin edirsə, iqtisadi təhlükəsizlik iqtisadi rifahını, inkişafını təmin edirsə, ideoloji təhlükəsizlik də cəmiyyətin, toplumun, millətin mənəvi ideoloji dayanıqlığını təmin edir.

Ölkə rəhbərinin nitqlərində milli və mənəvi dəyərlərimizin qorunmasına, gəncliyimizin milli dəyərlər ruhunda yetişdirilməsinə, “mütərəqqi”, “proqressiv” kimi adlandırılan, amma əslində olduqca destruktiv təsirləri olan ABŞ mərkəzli “Qərb dəyərləri”nin ideoloji təxribatlarının qarşısının alınmasına davamlı olaraq vurğu etməsi olduqca önəmli və bir vəzifə olaraq bütövlükdə cəmiyyətin üzərində köklənməli olduğu məsələdir. Çünki milli dəyərlər cəmiyyətdə, fərdlər arasında ortaq duyğu, düşüncə, məqsəd və davranış bütövlüyünü meydana gətirən birləşdirici faktorlardır. Bu dəyərlər, ənənələr cəmiyyət tərəfindən dəstəkləndiyi, yaşadıldığı və inkişaf etdirilərək yeni nəsillərə nəql olunduğu zaman birləşdirici xüsusiyyətini mühafizə edir, sosial münasibətlərdə nizamlılığı təmin edir. Dəyərlər üzərində cəmiyyətin dəstəyi zəiflədikdə, dəyərlərin deqradasiyası meydana çıxır. Aşınan dəyərlər cəmiyyəti formalaşdıran fərdlərin düşüncə və davranışları üzərindəki müəyyənedici, birləşdirici xarakterini itirir.

Bu gün bizim təhlükəsizliyimizi təhdid edən kifayət qədər ideoloji risklər var. Azərbaycan cəmiyyətində məzhəb, sosial təbəqələr müstəvisində, universal dəyərlərə münasibətdə, insan hüquqları, azadlıq kimi məsələlərlə bağlı manipulyasiya etməklə təbəqələşmə yaratmağa çalışırlar. Azərbaycanda çox sayda cərəyan var. Ərəbistandan gələn məzhəb, İrandan gələn radikal məzhəbçilik Azərbaycan cəmiyyətinin bərabərliyini, həmrəyliyini təhdid edə bilər. Qərbdən gələn yalançı demokratiya xüsusilə gənclərin birliyi üçün risk yarada bilər. İnformasiya manipulyasiyası insanı idrak keyfiyyətlərindən məhrum edə bilər. Artıq fərdi onun əqli deyil, informasiya bazası yönləndirir. Bu isə çox təhlükəlidir. Buna görə də hesab edirəm ki, bu istiqamətdə işləməliyik.

Hazırda Qarabağ ermənilərinin guya etnik təmizləməyə məruz qaldığını iddia edən, bununla əlaqədar əsasız bəyanatlar verən Qərb dövlətləri rəhbərlərinin Ermənistanın 30 ilədək işğal altında saxladığı ərazilərdəki yaşayış məskənlərini, dini-mədəni abidələri vandallıqla dağıtmalarına, ekoloji cinayətlərinə göz yumulması aşkar ədalətsizlikdir. Fransa, Niderland, Kanada və digər bir sıra ölkələrin Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmaq, dünya ictimaiyyətində azərbaycanlılar və türklər barədə mənfi rəy formalaşdırmaq, informasiya cəbhəsində Ermənistanın üstünlüyünü təmin etmək cəhdləri iflasa uğrayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz lokal antiterror tədbirlərindən sonra regionda yaranmış yeni siyasi reallıqları əksər Avropa və dünya ölkələrinə qəbul etdirib.

Əminə Ağazadə,

Milli Məclisin deputatı