07 oktyabr 2024 13:58
357

Heç kim bizi çəkindirə bilməz

Azərbaycan təkmil dirçəliş modeli ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində atılan addımlar Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatı oldu.  Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində  inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər.

Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Bu baxımdan sözügedən mərasimdəki çıxışında səsləndirdiyi fikirlər, çağırışlar hazırda ölkə mətbuatında geniş təhlil edilir. “Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir” bildirən cənab İlham Əliyev onu da qeyd etdi ki,  Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur: “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın.”

Bu reallıq da qeyd edildi ki, işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət  iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.  Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir. O vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi.

Azərbaycanın tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi  bəzi qüvvələri narahat edir. Dövlət başçısının vurğuladığı kimi, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu heç kimdən soruşmadan, heç kimdən qorxmadan bərpa etdi. Bunu ölkəmizə  bağışlaya bilmirlər. Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. “Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq” söyləyən cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirdi ki,  hazırda anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydurur, tirajlayır, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər.  Cənab İLham Əliyev bu çağırışı etdi: “Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik.”

Ölkə Prezidenti İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında da bu  reallıqlardan bəhs etdi. “Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir” vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, antiterror əməliyyatının ildönümü ərəfəsində  yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir: “Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.”

Zəfər bizimlə əbədi yaşayacaq. “Bizim təqvimimizə kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir” çağırışının  davamı olaraq dövlətimizin başçısı belə bir əminliyi də ifadə etdi ki, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.

Qərbi Azərbaycana qayıdış hazırkı dövrün əsas hədəfləri sırasındadır. Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etməyimizdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyimizə imkan verir. Bu bölgənin bütün nümayəndələri doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri