07 oktyabr 2024 16:06
300

Ermənistanı davamlı silahlandıran Fransa və digər anti-Azərbaycan ölkələr Cənubi Qafqazı rahat buraxmalıdırlar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasimlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960  yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin  Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Prezidentimiz Cəbrayıl şəhərində çıxışında bildirib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır: "Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd, o cümlədən, Cəbrayıl rayonunun kəndləri  azad edilmişdi,. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.»

Tədbirdə müzəffər Ali Baş Komandanımız tarixi Zəfərimizdən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, Qərbin ölkəmizə qarşı olan qərəzli, əsassız mövqeyindən geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Ermənistan 30 il ərzində torpaqlarmızı işğalda saxladığı müddətdə bu ölkəyə qarşı  beynəlxalq aləm tərəfindən heç bir təsir və təzyiq olmadı. Minsk qrupu münaqişəni həll etmək əvəzinə erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul idi. Ermənistan  hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdu. Prezident İlham Əliyev bildirdi ki, Qərb zamanla ölkəmizi işğalla barışmağa çağırır, münaqişənin hərbi həllinin olmadığını qeyd edirdi. Fransa və onun kimi bəzi dövlətlər bu istiqamətdə əllərindən gələni edirdilər. Lakin Azərbaycan bütün təzyiqlərə rəğmən işğalla barışmadı və öz əzəli torpaqlarını düşmən tapdağından azad etdi. Bunla barışa bilməyən, Azərbaycanın qələbəsini həzm edə bilməyən Qərb dövlətləri bu gün ölkəmizə qarşı sanksiyalar tətbiq etmək istəyir, davamlı olaraq Ermənistanı silahlandırırlar. Erməniatanın təhlükəli oyunlara qoşulduğunu qeyd edən Prezident İlham Əliyev bu ölkəyə və havadarlarına çox ciddi xəbərdarlıq etdi. Ermənistan İkinci Qarabağ müharibəsinin tarixçəsini və antiterror əməliyyatlarını unutmamalı, təhlükəli oyunları dayandırmalıdır. Ermənistanı davamlı silahlandıran Fransa və digər anti-Azərbaycan ölkələr isə Cənubi Qafqazı rahat buraxmalıdırlar. Təbii ki, Azərbaycanın səbri sonsuz deyildir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri