1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilib. Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub.
İtkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Bu fikir Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Şübhəsiz, bu heç də kiçik rəqəm deyil. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb. Amma Ermənistan hələ də itkin düşmüş şəxslərin taleyi, həmçinin kütləvi məzarlıqların dəqiq yerləri barədə heç bir məlumat vermək istəmir. Bununla da dünyanın gözü qarşısında beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edir.
Halbuki, bununla bağlı bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri təkzibedilməz faktlar əsasında müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər ediblər. Təəssüf ki, onlar hələ də bu taleyüklü məsələyə biganə yanaşır, bununla da təcavüzkar ölkənin törətdiyi vəhşilikləri, qətlləri, insanlığa sığmayan əməllərini ört-basdır etməyə çalışırlar. Bununla da onlar Ermənistan rəsmiləri kimi, beynəlxalq hüquqa, bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik göstərirlər. Halbuki, istənilən halda itkin düşmüş şəxslərin ya ölüsünün, ya da dirisinin tapılaraq ailələrinə qaytarılması vacibdir. Yeri gəlmişkən qeyd edək ki, bu ilin avqust ayında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik də itkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq hüququnun olduğunu bildirmişdi. Məhz elə bu kimi səbəblərdən Prezident İlham Əliyev bu məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac olduğunu bir daha vurğulayıb.
Amma bu kimi problemlərə baxmayaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində zəruri addımları atır və bu istiqamətdə fəaliyyətini davam etdirir. Vətən müharibəsindən və 24 saat davam edən lokal antiterror əməliyyatdan sonra Komissiya fəaliyyətini daha da genişləndirib və diqqətçəkən nəticələr əldə edib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda indiyədək 18 kütləvi məzarlığın aşkarlanması, 642 itkin şəxsə aid meyit qalıqlarının ekshumasiya olunması, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi və onların hərbi ehtiram göstərilməklə dəfn edilməsi, cari ilin sentyabr ayında Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqlarının müəyyənləşdirilməsi bunun sübutudur.
Yeri gəlmişkən qeyd edək ki, müvafiq qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarla bağlı itkin düşmüş şəxslər də şəhid hesab edildiyindən şəhid ailələri üçün müəyyən edilən bütün imtiyaz və güzəştlər itkin düşmüş şəxslərin ailələrinə də şamil edilir. Şübhəsiz, bütün bunlar 30 il əvvəl Vətən uğrunda döyüşlərdə itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”