10 oktyabr 2024 11:15
444

Prezident təqaüdçüsü: Bütün sahələrdə inkişaf etməli və güclü olmalıyıq…

Çünki intibah bizdən başlayır !

Prezident İlham Əliyev 2024-2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. Qeyd edək ki, Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti əyalət məktəblərinin məzunlarıdır.

“İki sahil”in əməkdaşı Prezident təqaüdçülərinin bir qrupu ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Həlimə Qaçabəyova cari tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrdən biridir. O, 689.5 balla İtaliya-Azərbaycan Universitetinin (layihə ADA Universiteti tərəfindən həyata keçirilir) memarlıq fakültəsinə qəbul olunub: “Əvvəlcədən qarşıma məqsəd qoymuşdum ki, qəbul imtahanında yüksək nəticə göstərib  həm ADA -da ödənişsiz təhsili qazanım,  həm də ən əsası Prezident təqaüdünə layiq görülüm. Etiraf edim ki, Prezident təqaüdçüsü olacağımı əslində gözləyirdim. Əziyyətimin bəhrəsini görmək və bunun dövlətimiz tərəfindən qiymətləndirilməsi mənim üçün ən böyük mükafatdır. Prezident təqaüdünə layiq görülməyimlə bağlı xəbəri anamdan eşitdim. Bu xəbər bizi çox sevindirdi. Gələcəklə bağlı planlarım çoxdur. Vətənimizə, millətimizə layiqli memar olmaq istəyirəm”.

Uğurlarından söz açan müsahibimiz vurğuladı ki, bir çox beynəlxalq riyaziyyat olimpiadalarının, bilik yarışmalarının, bədii qiraət, şahmat, rəqs, rəsm, müsabiqələrinin dəfələrlə qalibi olub diplom və medallara layiq görülüb.

Həlimənin sözlərinə görə, uğurunun sirri hər gün dərslərinə hazır olması olub. O qeyd etdi ki, bugünkü uğurlarımın əsas dəstəkçisi valideynlərim, xüsusilə də anamdır. Buna görə də valideynlərimə, müəllimlərimə təşəkkür edirəm ki, mənə həm dəstək olublar, həm də inanıblar.

Həmsöhbətimiz gələcək abituriyentlərə tövsiyəsində diqqətə çatdırdı ki, ali məktəbə hazırlaşanlar qarşılarına məqsəd qoysunlar. Günlük həyatlarını düzgün nizama salsınlar. Onların uğurlarına  mane olan nə varsa hamısının qarşısını alsınlar.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Əsmər Həsənli də Prezident təqaüdçüləri siyahısındadır. O, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə ingilis dilində təhsil alır. Əsmərin sözlərinə görə, Prezident təqaüdünə layiq görülməsi xəbərini həyəcanla gözləyib: “Prezident təqaüdçüsü olmağım xəbəri məni çox sevindirdi. Bu xəbəri dərhal anamla bölüşdüm. Ən böyük dəstəkçim anamdır. Təhsilimin hər bir pilləsindəki uğurlarıma görə ona borcluyam. Bunu deyə bilərəm ki, həm özümün, həm də mənə inanan ailəmin və yaxınlarımın ümidlərini doğrultduğum üçün qürurluyam. Uğurum da payı və əziyyəti olan bütün müəllimlərimə, hər zaman məni dəstəkləyən ailəmə, dostlarıma öz təşəkkürümü bildirirəm”.

Gələcək planlarından söz açan müsahibimiz vurğuladı ki, əsas planlarım universitet illərini bacardığım qədər faydalı keçirməkdir. Daha sonra isə magistr təhsilimi xaricdə almaq istəyirəm.

Sumqayıt şəhər 39 saylı məktəbini tam orta təhsil üzrə qırmızı attestatla bitirən Nicat Şirinov isə Azərbaycan Dövlət İqtisad Universitetinin  İnformasiya təhlükəsizliyi ixtisasına 692.8 balla qəbul olunub. Nicatın təəssüratı isə belə oldu: “Prezident təqaüdünə layiq görülmək həmişə mənim üçün bir hədəf olub. Bu adı qazanmağın çətinliyini dərk etsəm də bu, mənim iradəmi və motivasiyamı heç vaxt qırmayıb. Hər zaman səylə bu məqsədə çatmaq üçün çalışmışam. Əlbəttə ki, bu qədər əziyyətdən sonra Prezident təqaüdçüsü olduğumu eşidəndə  keçirdiyim əsas hisslər qürur və rahatlıq hissi idi. Xəbəri ilk öyrəndiyim anda valideynlərimlə bölüşdüm. Onların mənlə qürur duyması mənim sevincimi artırdı. Öz potensialımdan xəbərdar idim, amma yenə də bu qədər yüksək  nailiyyət qazanmağım mənə də surpriz oldu”.

Həmsöhbətimiz bildirdi ki, uğurumun əsas sirri uşaq yaşlarımdan oxumağa, öyrənməyə marağımın olması, çoxlu kitab oxumağımdadır: Özünəinam, ailəmin və yaxınlarımın dəstəyi mənə uğur qazanmağımda böyük dəstək oldu. Ali məktəblərə hazırlaşanlara tövsiyəm odur ki,  əvvəla gələcəklərini öz maraq dairələrinə uyğun qursunlar, seçəcəkləri peşələrə maraqları olsun. Eyni zamanda, dərs oxumağı da, əylənməyi də qədərində etsinlər.”

Nicatın gələcəklə bağlı hədəfi isə ixtisası üzrə özünü daha da çox inkişaf etdirib, yeni biliklərə yiyələnmək, çox çalışmaqdır: “Bunlarla yanaşı, universitetin sosial həyatında fəal iştirak etmək, təşkilatlara və s. qoşulub özümü bir fərd kimi yetişdirmək də hədəflərim arasındadır”.

Həmsöhbətimiz sonda təşəkkürünü də bildirdi: “Mənə müsahibə üçün şans yaratdıqlarına görə "İki sahil" qəzetinə və sizin dəyərli oxuyucularımıza dərin təşəkkürlərimi bildirirəm. Hər kəsə universitet və universitetə hazırlıq müddətində uğurlar arzu edir, öz həyatınızda xoşbəxtlik diləyirəm”.

2024-cü ildə Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbini  xüsusi nümunəli attestat və qızıl nişanla bitirən Sevil Gülməliyeva 684.1 balla Bakı Dövlət Universitetinin ingilis bölməsi üzrə Hüquq fakültəsinə qəbul olunub:” Mən həm də Bakı Dövlət Universitetinə ən yüksək balla daxil olan tələbə adını qazanmışam. Prezident təqaüdünə layiq görüləcəyimi təxmin edirdim, amma bunun rəsmi şəkildə elan olunması, ixtisas qrupu üzrə seçilmiş 25 nəfərin siyahısında olmaq həm fəxr, həm də böyük uğurdur.

Bu sevincimi ilk olaraq, valideynlərimlə bölüşdüm. Daha sonra isə bu barədə müəllimlərimə məlumat verdim. Uğurlarımda müəllimlərimin danılmaz əməyini də xüsusi qiymətləndirirəm və onlara sonsuz təşəkkürlərimi bildirirəm”.

Həmsöhbətimizin sözlərinə görə, onu məqsədinə çatmaqda ən vacib amil məhz özünəinanmağı olub:” Hər bir uğurun sirri səmərəli çalışmaqdan keçir. Sadəcə çox çalışmaq kifayət deyil, dərsləri müəyyən aralıqlara bölərək həm vaxtdan doğru istifadə etmək, həm də dərslərdə daha keyfiyyətli nəticə əldə etmək mümkündür. Ruhdan düşməyin, özünüzə güvənin, çünki çalışan hər bir abituriyent ən sonda mütləq əməyinin bəhrəsini görəcək.

Müsahibimiz gələcək planlarından söz açarkən qeyd etdi ki, universiteti bitirdikdən sonra xaricdə "Beynəlxalq hüquq" üzrə magistr təhsili alaraq, ölkəmizi Avropada təmsil etmək istəyirəm: “Uğurlu fəaliyyətim vasitəsilə Vətənimizi xaricdə təmsil edərək, tanıdaraq yüksək məqamlarda dövlətimizin adının uca tutulmasına çalışacağam. Bu yolda Prezident təqaüdü mənə daha da böyük həvəs verir. Düşünürəm ki, Prezident təqaüdü məni öz məqsədlərimə daha da bağlı, səmərəli şəkildə çalışmağa sövq edəcək. Valideynlərimin bu yolda mənə olan etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Aytac Əliyeva 697.5 bal toplayaraq Bakı Ali Neft Məktəbinin mühəndisliyi ixtisasına qəbul olunub: “Fəxrlə deyə bilərəm ki, təhsil aldığım müddət ərzində əldə etdiyim nailiyyətlər, iştirak etdiyim respublika səviyyəli müsabiqələrin nəticəsinə əsasən liseyi qızıl nişan və qızıl attestatla bitirmişəm. Dövlətimizin istedadlı gənclərin aşkara çıxarılması üçün həyata keçirdiyi inkişafetdirici siyasətə, müəllimlərimin peşəkar fəaliyyətinə və valideynlərimin mənə mənəvi dəstəyinə minnətdaram.

Aytacın sözlərinə görə, hədəfi bakalavr təhsilini uğurla başa vurmaq, magistr təhsilini Almaniyada mühəndislik ixtisası üzrə davam etdirməkdir: “Azərbaycan təhsili və mühəndislik sahəsinin inkişafı etdirmək ölkəmizi beynəlxalq elm aləmində tanıtmaq mənim əsas məqsədimdir. Seçdiyim peşənin ölkəmizin sabahı naminə çox böyük əhəmiyyət kəsb etdiyini, xalqımın rifahına xidmət etdiyini dərk edirəm.”

Həmsöhbətimiz abituriyentlərə tövsiyə edir ki, ixtisas seçimləri edərkən müasir təhsil sisteminin və dövrün tələbinin bütün nəzərlərə alsınlar. İxtisas seçimi istiqamətində müvafiq fənlərə, eyni zamanda, ingilis dilinə və kompüter biliklərinə dərindən yiyələnsinlər. Unutmasınlar və fəxr etsinlər ki, biz Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və şücaətli siyasəti ilə işğal altında olan ərazilərimizi azad etmiş xalqın övladlarıyıq. Biz bütün sahələrdə inkişaf etməli və güclü olmalıyıq. Həmişə inkişafda qalın gənclər, çünki intibah bizdən başlayır!

Əziz tələbələr, bir daha sizi bu yüksək dəyərə layiq görülməyiniz münasibətilə təbrik edirik. Sizin timsalınızda bütün tələbələrə bundan sonrakı təhsil pillələrində uğurlar arzulayırıq! Sizinlə qürur duyuruq!

Yaqut Ağaşahqızı, “İki sahil”