"Müəllim bizim hər birimizin həyatına təsir göstərən, müsbət mənada yön verən və bizim sosiallaşmağımız, cəmiyyətə inteqrasiya olunub, karyeramızın inkişafında bizə dəstək olan mənəvi dayaqçımızdır." - Bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib.
- Elbrus İsayeva görə müəllim kimdir?
- Əlbəttə ki, müəllim sözü, öyrədən sözü tarixin bütün dövrlərində müqəddəs bir anlayışdır. Ona görə ki, müəllim bütün dövrlərdə valideynlə, ailə ilə bərabər cəmiyyətdəki şəxsiyyətin formalaşması prosesinin əsas aparıcı qüvvəsi olub. Bu mənada müəllimin cəmiyyətdəki rolu həmişə danılmazdır. Elm və texnologiya nə qədər inkişaf etsə də müəllimin əvəzolunmazlığı, müəllimin təhsil prosesində, eyni zamanda, həyatdakı təcrübədə şəxsi nümunəsi, şəxsi potensialı vacibdir. Qeyd edim ki, bu gün elmin, texnologiyanın xüsusilə də, süni intellektin yaratdığı imkanlara baxmayaraq, hər birimiz müəllimə böyük ehtiyac duyuruq. Düşünürəm ki, illər keçdikcə bu dərinləşir.
Müasir dövrdə repetitorluğun tənqid olunduğunu deyən rektor bu sözləri qeyd etdi: "Biz indiki dövrdə əvvəlki dövrdən fərqli olaraq daha çox müəllimlə vaxt keçiririk. Sadəcə məktəbdə müəllimlə görüşümüz yekunlaşmır, məktəbdən kənar mühitdə də biz müəllim axtarırıq. Açığı deyim ki, bəzən heç repetitora ehtiyac duymayan şagirdlər belə, hansı ki, onlar məktəb imkanları ilə, bəzən isə özünün mütaliəsi ilə hədəfə doğru uğurla addımlasa da, amma, müəllimsiz özündə hansısa boşluq hiss edir. Müəllim olmadan irəliləyəcəyinə o qədər də inanmır. Buradan mən bir pozitiv nəticə çıxara bilərəm ki, o, həm də bizim müəllimə cəmiyyətdə olan inamın təzahürüdür. Müəllimlik institutunun Azərbaycan mentalitetində, Azərbaycan təhsil tarixindəki, gəldiyi uzun əsrlilik, bəlkə min illik bir tarixi inkişaf yolunun bizdə buraxdığı izlərdir ki, bu gün müəllimsiz inkişafımızı təsəvvür edə bilmirik."
- Elbrus müəllim bildiyimiz kimi bu gün Naxçıvan Dövlət Universitetində də müəllim kadrlar hazırlanır və bilmək istərdik ki, yüksək balla müəllimlik ixtisasına qəbul olan tələbələriniz varmı?
- Bəli, öncə onu deyim ki, bizə xoşdur ki, Naxçıvan Dövlət Universiteti də müəllim hazırlayan ali məktəblər sırasındadır. 1967-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutu filial kimi təsis olunub. Sonradan isə müstəqil instituta çevrilib. Və bu gün də biz pedaqoji fakültədə müəllim hazırlığı ilə məşğuluq. Məni sevindirən cəhət ondan ibarətdir ki, son illərdə müəllim peşəsinə gənclərimizin marağı artıb. Diqqət etsək, müəllimlik ixtisaslarına gələn abituriyentlərin topladığı ballara, bu dinamika inkişaf dinamikasıdır. Hər il bizim müəllimlik ixtisasına müraciət edən abituriyentlərin qəbul balında yüksək dinamikanı müşahidə edirik. O cümlədən bu il bizim universitetə 600 baldan yuxarı nəticə göstərmiş tələbələr müəllimlik ixtisasına gəldilər ki, bu da çox sevindirici haldır. Xüsusilə qeyd edim ki, 650 bal toplayan bir abituriyent Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasını seçib. Bu gənclərdə müəllimlik peşəsinə marağın yenidən dirçəlməsidir.
- Elbrus müəllim bəs universitet olaraq müəllimlik ixtisası ilə bağı qarşıda hansı məqsədlər var?
- Gələcəkdəki bütün mühəndislərin, həkimlərin, diplomatların, bir sözlə bütün ixtisas sahiblərinin formalaşması birinci növbədə müəllimlərdən asılıdır. Ona görə də biz müəllimlik peşəsinin qayğısına qalıb, inkişaf etdirməyi qarşımıza əsas məqsəd qoymuşuq. Bizim üçün xoşdur ki, bu ildə, ötən il də, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinə, eyni ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbul imtahanlarında yüksək nəticə göstərənlər arasında NDU-nun məzunları da var. Mən düşünürəm ki, müəllimlər bizim mənəvi tərbiyəmizi yox, eyni zamanda, bizim iqtisadi potensialımızın gücləndirilməsinə, insan kapitalının formalaşmasına öz layiqli töhfələrini verməkdədirlər.
Aygün Hüseyn,
Jurnalist