14 oktyabr 2024 23:58
355

Zəfər şəhidi - Nurlan Fərəməzov

Müzəffər Odumuzun 44 günə zəfərlə bitirdiyi haqq savaşımızda Vətən torpaqlarının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də Astara rayonunun Təngərüd kəndində dünyaya göz açan şəhid Nurlan Əhliman oğlu Fərəməzovdur.

Xəmiri Vətənə məhəbbəti hissi ilə yoğurulan, ömrünün 28-ci baharında şəhidlik zirvəsinə ucalan Nurlan orta təhsilini boya-başa çatdığı kənddə başa vurduqdan sona 2009–2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi vəzifəsində işləyib. Daha sonra Tovuzda əsgər və zabitlərin sağlamlığını qorumaqla böyük hörmət sahibi olub. Beləcə sanballı davranışı, yaşına uyuşmayan təmkini, ən əsası qəlbində yaşatdığı doğma Azərbaycana ilahi sevgisi ilə 6 il hərbi həkim kimi Vətənə layiqincə xidmət edib.

Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı və hərbi tibb qulluqçusu Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında qəhrəman, qeyrətli oğullarımız kimi odlu-alovlu səngərdə yerini tutub. Onlarla yaralı əsgər, zabitimizi döyüş bölgəsindən çıxarıb və öz peşəsinin sərrafı olmaqla onlara ikinci həyat bəxş edib. Əllərindən şəfa tapan döyüşçülər yenidən Vətən torpaqların azadlığı naminə mənfur erməni dığaların başına od ələyiblər.

Oktyabrın 9-da Nurlan növbəti dəfə savaş meydanında yaralanan hərbçilərin köməyinə gedəndə başının arxa tərəfindən ciddi zədə alıb. Buna baxmayaraq, son nəfəsinə qədər meydandan çəkilməyib. Çoxlu qan itirib, elə burada şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda ölməzliyə qovuşan qəhrəman Nurlan oktyabrın 10-da doğulduğu kənddə dəfn edilib. Xalqın ürəyində igidlik, mərdlik rəmzi olaraq özünə əbədi yer edən Astaranın qəhrəman oğlu dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub.

Astaralılar zəfər şəhidi Nurlan Fərəməzovun xatirəsini əziz tutur, onu hər an ehtiramla yad edirlər. Anım günündə də uyduğu məzarın başına xeyli adam toplanmışdı. Ziyarətçilər bildirdilər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. 44 günlük haqq savaşımızda Nurlan kimi qeyrətli oğlanlar bir daha bunu sübut etdilər. Nurlanın keçdiyi döyüş yolunun hər səhifəsi fədakarlıq, mərdlik məktəbidir. Ondan örnək götürməyə dəyər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü