14 oktyabr 2024 20:40
391

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi üzrə təqaüd qazanan qızlar mükafatlandırılıb

Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda fəaliyyətə başlayan qızlar məktəbinin yaranmasının 100 illiyi ərəfəsindən balşayan və 4 ildir ki, həyata keçirilən “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi uğurla davam edir.

Hər bir xalqın inkişafı üçün onun qurduğu dövlətin və çatmaq istədiyi ən ali hədəfləri üçün ən möhkəm bünövrənin təhsil olduğunu diqqətə çatdıran Komitə sədri, təhsilin cəmiyyətin və dövlətin inkişafındakı rolunun heç nə ilə müqayisə olunmayacağını qeyd edib.

“Biz bu gün Ümummilli liderin ideyalarının və müəyyənləşdirdiyi yolun nəticəsi olaraq həm regionda, həm də dünyada Zəfərin uğur formulunu tapmış bir ölkəyə, müstəqil Azərbaycan dövlətinə malikik”- deyən B. Muradova əlavə edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elmə, təhsilə, qızların inkişafına, qadınların bərabər hüquqlarının təmin olunmasına xüsusi diqqət göstərilir. O, qarşıya qoyulan ən mühüm vəzifələrin davamı olaraq bu gün bu layihənin uğurla icra edildiyini qeyd edib.

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” nın daşıyıcısı olan qızların sayının ilbəil daha da artdığını vurğulayan B.Muradova, 144 nəfəri Komitənin benefisiarı olmaqla, ümumilikdə 265 gənc qızın proqramdan yararlandığını bildirib. Qeyd edib ki, artıq bu layihə 58 rayonu əhatə edir. Qürurverici haldır ki, bu il proqram iştirakçılarından biri ən yüksək - 700 bal toplayaraq ADA Universitetinə daxil olub. Getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır.

İki il öncə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyi arasında niyyət protokolunun imzalandığını xatırladan B. Muradova, Təhsilin İnkişafı Fondunun da tərəfdaşlığı ilə layihənin çərçivəsinin daha da genişləndiyini diqqətə çatdırıb.

Sonda o, təhsil həyatının mühüm addımı kimi ölkəmizin öndə gedən ali məktəblərinə daxil olan gənc qızları təqaüd qazanmaları münasibətilə təbrik edib, layihəyə dəstək göstərən hər kəsə təşəkkürünü bildirib. Elm və təhsil naziri Emin Əmrullayev layihə təşəbbüskarı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də təqaüd proqramının dəstəkçilərinə təşəkkürünü bildirb. Bu layihənin böyük geridönüşü olan investisiya rolunu oynayacağını bildirən nazir, layihə çərçivəsində təsilinə dəstək göstərilən qızların gələcəkdə öz sahələrində seçilən mütəxəssislərə çevriləcəklərinə inamını ifadə edib.

Çıxışının davamında E.Əmrullayev təhsilə əlçatanlığın təmin olunması istiqamətində bir sıra müsbət rəqəmləri diqqətə çatdırıb. On beş il bundan əvvəlki dövrlə müqayisədə təhsil alanların sayının ikiqat artdığını qeyd edib. “Ali məktəblərdə tələbələrin yarısından çoxu dövlət sifarişi əsaslarla təhsil alır. Həmçinin sosial baxımdan həssas qrupdan olan tələbələrin təhsil haqqı dövlət tərəfindən qarşılanır” - deyə o əlavə edib.

Daha sonra “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, ölkəmizdə aparılan təhsil, iqtisadiyyat, sənaye və digər sahələrdə islahatlar təhsil vasitəsilə əmək bazarında öz layiqli yerini tutmağın mümkünlüyünü göstərir. Adıçəkilən layihənin uzun və uğurlu yol keçdiyini vurğulayan E. Nəsibov əlavə edib ki, əsas məsələ bu layihələnin digər təşəbbüslərə də yol açması və dəstəkləməsidir. O, layihə çərçivəsində qızların təqaüd əldə etmələri ilə yanaşı, həm də mentorluq, təcrübə və müxtəlif işlərlə təmin olunduqlarını da qeyd edərək, şəhid və qazi övladları və xanımlarının təhsilinin xüsusilə önəmli olduğunu və bununla bağlı gələcəkdə dövlət və özəl sektorun tərəfdaşlığı sayəsində yeni bir layihənin başladılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbəsi, “Gənc qızların təhsilinə dəstək-2024” layihəsinin iştirakçısı Zeynəb Abbasova çıxış edərək, təşkilatçılara təşəkkürünü bildirib ve qeyd edib ki, bu layihənin bir parçası olmaq onlar üçün dəyərli bir hədiyyədir. O, əsas məqsədinin Azərbaycan qadını adına layiq vətəndaş kimi formalaşmaq və daha savadlı cəmiyyətin inkişafına töhfələr vermək olduğunu bildirib.

Davamında ali təhsil müəssəsisələrinin rektorlarının və digər məsul şəxslərin iştirakı ilə 50 qıza sertifikat və gül dəstələri təqdim edilib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Yaqut Ağaşahqızı, “İki sahil”