17 oktyabr 2024 16:03
77

Bakıda velosiped yolları test edildi

Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mərkəzi küçələrində yeni velosiped yollarının salınması işini uğurla davam etdirir. AYNA tərəfindən təşkil edilən son mikromobillik zolaqlarından biri də 28 May küçəsindəki yollardır. Yeni zolaqları test etmək məqsədilə AYNA və “Apar” şirkətinin dəstəyi, “Pedalçı” şirkətinin təşkilatçılığı, “Sürəyənlər” klubunun üzvləri və blogerlərin iştirakı ilə paytaxtda veloyürüş təşkil edilib.

"İki sahil" Agentliyə istinadən xəbər verir ki, böyük marağa səbəb olan yürüşün başlanğıc nöqtəsi Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsi seçilib. Veloyürüşü 28 May küçəsi ilə davam etdirən iştirakçılar marşrut üzrə uzunluğu 2 kilometrə yaxın yol qət edərək finiş xəttinə çatıblar.

Yürüşdə iştirak edən peşəkar velosipedçilər bu qəbildən olan tədbirlərin mikromobillik vasitələrinin qısa məsafələr üçün alternativ və səmərəli alət kimi istifadəsinin təşviqi baxımından əhəmiyyətini qeyd edib, Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi planlarını dəstəklədiklərini bildiriblər.