17 oktyabr 2024 20:29
94

Füzuli rayonunun işğaldan azad edilməsi növbəti qələbələrimizə açılan qapı oldu - HƏRBİ EKSPERT

Ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov: “Strateji əhəmiyyətli Məngələnata dağının düşməndən təmizlənərək nəzarətə götürülməsi bütövlükdə rayonun azad edilməsində həlledici rol oynayan faktorlardan biri oldu"

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 4 il keçir. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü elan edilmişdir. 
Vətən müharibəsində qələbəmizdən danışarkən, birmənalı şəkildə qeyd olunmalıdır  ki, strateji cəhətdən əlverişli ərazidə yerləşən Füzuli şəhərinin və rayonun digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi növbəti  qələbələrimizə açılan qapı oldu. 
Bu fikirlər ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılovun “İki sahil”ə açıqlamasında yer alıb.

Hərbi jurnalist İ.İsmayılovun qənaətinə görə, Füzuli rayonunun strateji cəhətdən çox mühüm əhəmiyyətə malik olması səbəbindən düşmən bu istiqamətdə qızğın müqavimət göstərdi. Füzuli şəhərinin və rayonun digər yaşayış məntəqələrinin azad edilməsi uğrunda qanlı döyüşlər getdi. Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına gedən yolların əksəriyyəti məhz Füzuli rayonu ərazisindən keçir. Buranı rəmzi olaraq azad edilmiş rayonlarımızın “Giriş qapısı” da adlandırmaq olar. 

Ehtiyatda olan polkovnik-leytenant qeyd edib ki, döyüşlər zamanı yollara nəzarət etmək sadəcə mövqe baxımından üstünlük qazanmaq  deyil, bu, bütün əməliyyat şəraitinə, döyüşlərin gedişinə tam hakim olmaq deməkdir. Yollara nəzarət həm irəliləyən qoşunların fasiləsiz təminatını həyata keçirməyə, həm də əlavə qüvvələr cəlb etməklə əks-həmlələrə cəhd edən düşmən qüvvələrinin, ehtiyatlarının vaxtında aşkar olunmasına və məhv edilməsinə imkan yaradır. Məhz bu səbəbdən Ali Baş Komandanın tapşırığına əsasən, hərbi komandanlığın qısa müddətdə hazırladığı plana uyğun olaraq, əks-hücum əməliyyatının başladığı ilk istiqamətlərdən biri Füzuli rayonu seçildi. 
Yollara nəzarətin açarı isə ərazidəki yüksəkliklərin düşməndən təmizlənməsi və bölmələrimizin orada möhkəmlənməsində idi. Bu mənada Füzuli rayonunun işğaldan azad edilməsi ərəfəsində qoşunlarımız tərəfindən buradakı yüksəkliklərin, xüsusilə də böyük strateji əhəmiyyətli Məngələnata dağının düşməndən təmizlənərək nəzarətə götürülməsi bütövlükdə rayonun azad edilməsində həlledici rol oynayan faktorlardan biri oldu. 
Ehtiyatda olan zabitin fikrincə, əməliyyat planına və komandanlığın niyyətinə əsasən qısa müddət ərzində Füzuli rayonunun erməni silahlı birləşmələrinin işğalından azad edilməsi qoşunlarımızın sürətlə irəliləməsini təmin etdi, digər istiqamətlərdə də uğurlar qazanmağımıza böyük töhfə verdi. Vətən müharibəsində ilk yarma əməliyyatı, düşmənin ön xətt sədlərinin darmadağın edilməsi məhz Füzuli istiqamətində baş verdi. Digər istiqamətlərdə olduğu kimi, burada da “Ohanyan səddi” müharibənin elə ilk günündə darmadağın edildi və beləliklə, bu sədd haqqında ermənilərin yaratdığı mif puç oldu. 

Hərbi jurnalist bildirir ki, Vətən müharibəsinin ilk günlərində ordumuzun qazandığı uğurlar da məhz  Füzuli və Cəbrayıl rayonları istiqamətində oldu. İlk azad etdiyimiz yaşayış məntəqələri də məhz bu iki rayon ərazisində yerləşir. Hərbi qulluqçularımızın əldə etdiyi qələbələr onların özünə inamının artmasında mühüm rol oynamışdı. Məhz ilk qələbələrimizdən ruhlanan şəxsi heyətin igidliyi, şücaəti və peşəkarlığı qarşısında aciz qalan düşmən silah-sursatını da ataraq müqavimət göstərdiyi mövqeləri, səngərləri qoyub qaçdı, bir-bir bütün yaşayış məntəqələrimizdən çıxmağa məcbur  oldu.
Vətən müharibəsi dövründəki yaddaqalan məqamlara toxunarkən ehtiyatda olan polkovnik-leytenant qeyd edib ki, Müzəffər Ali Baş Komandanın əks-hücum əmrini hərbi qulluqçular yüksək döyüş əzmi ilə qarşıladığı kimi,  onun xalqa müraciətlərini, yaşayış məntəqələrimizin azad edilməsi ilə bağlı təbriklərini də şəxsi heyət qələbəyə inam bilir, qürurla, sevinclə qarşılayırdı. Oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi, bu haqda Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olundu. Prezidentimizin qələbə müjdəsi xalqımız tərəfindən izdihamla, böyük coşqu ilə  qarşılandı.
“Şanlı Zəfərimizin 4-cü ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə şəhid olanları ehtiramla yad edən, döyüşlərdə yaralananlara sağlamlıqlarını bərpa edərək firavan həyat yaşamağı arzulayan xalqımız  yenə də eyni qüruru, eyni coşqunu, eyni həmrəyliyi yaşayır. Əminəm ki, dünya durduqca bu dəyişməz olaraq qalacaqdır”, - deyə hərbi jurnalist bildirib.