10 noyabr 2017 14:47
1809

Azərbaycan neft-qaz ölkəsi kimi dünyada özünəməxsus yer tutub

SOCAR-ın Neft Kəmərləri İdarəsində (NKİ) Azərbaycanda 2 milyardıncı ton neftin hasil edilməsi, 9 noyabr - Dövlət Bayrağı Günü, həmçinin YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

İdarənin rəisi Vasif Əmirov bu əlamətdar hadisə münasibətilə kollektivi təbrik edib: “Ölkəmizin, eləcə də, Dövlət Neft Şirkətinin tarixində olduqca əlamətdar və tarixi günlərdən birini yaşayırıq. Bu günlərdə ölkəmizdə 2 milyardıncı ton neftin çıxarılmasını təntənəli surətdə qeyd etdik. Hamınıza məlum olduğu kimi, Azərbaycan tarixən neft-qaz ölkəsi kimi dünyada özünəməxsus yer tutub. Neftimiz milli sərvətimizdir. 1846-cı ildə Bakıda Bibiheybət yatağında sənaye üsulu ilə ilk neft quyusu qazılıb və bu dünya tarixində neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcı olub. XX əsrin əvvəllərində artıq Azərbaycanda neft hasilatı dünyada hasil edilən neftin 50 faizdən çoxunu təşkil edirdi. Bu o dövr üçün olduqca əhəmiyyətli bir hal idi, çünki tarixin o mərhələsində 100-dən çox müstəqil dövlətin, sənaye ölkələrinin arasında buna nail olmaq böyük nailiyyət idi. Ancaq ölkəmiz bununla da kifayətlənmədi və yenə ilkə imza atmağı bacardı. 1949-cu ildə açıq dənizdə ilk neft hasilatı da Neft Daşlarında həyata keçirilib.”

V.Əmirov qeyd edib ki, 1846-cı ildən 1971-ci ilə qədər Azərbaycanda 1 milyard ton neft hasil edilib: “Bu da dünya və ölkəmiz üçün çox önəmli hadisələrdən biri kimi tarixə düşüb. O vaxt bu tarixi nailiyyətlə əlaqədar ümummilli liderimiz Heydər Əliyev 1 milyard ton neftin hasil edilməsi barədə təntənəli tədbirlərin keçirilməsində bilavasitə iştirak edib. Müstəqillik qazandıqdan sonra Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə yeni və çoxmərhələli neft strategiyasını həyata keçirib, 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi” imzalanıb. 1997-ci ildən başlayaraq 20 ilə 438 milyon ton neft hasil edilib. Bu gün Ulu Öndərin əsasını qoyduğu neft strategiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2017-ci il sentyabrın 14-də “Yeni əsrin müqaviləsi”nin imzalanması da mühüm tarixi hadisədir. Müqavilə 2050-ci ilə qədər olan dövrü əhatə edir. Bu müqavilənin əsas müsbət cəhətləri də ondan ibarətdir ki, artıq ölkəmizin mənfəət payı 75 faiz, müqavilədəki payı isə 11-dən 25 faizə qədər artıb.”

NKİ-nin rəisi bir daha kollektivi 2 milyardıncı ton neftin çıxarılması, həmçinin qarşıdan gələn 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Tədbirdə İdarənin Neftin nəqli şöbəsinin rəisi Elçin Həsənov, Keyfiyyətə nəzarət şöbəsinin rəisi Malik Qazıyev, “Dübəndi” İstehsalat Bölümünün mühəndisi Polad Məmmədov ötən dövrdə əldə olunan uğurlardan danışıblar.

NKİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri İmanqulu Bayramova 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanmasından, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışıb.

Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev Azərbaycanda 2 milyardıncı ton neftin çıxarılmasını tarixi hadisə adlandırıb. O, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinin tamam olacağını xüsusi olaraq vurğulayıb və keçilən şərəfli yola nəzər salıb: “Ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. YAP tarixi zərurətdən  yaranıb. YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəlib.”       

Bildirilib ki, 1992-ci il oktyabrın 24-də ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razılığını bildirdi. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai siyasi həyatına daxil oldu. O dövrdəki dağıdıcı hakimiyyətin yaratdığı manelərə baxmayaraq, xalqın Heydər Əliyevə olan böyük inamı və sevgisi nəticəsində qısa müddətdə Respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.

M.Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır: “Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək  dövlətə, xalqa xidmət etmək deməkdir.  Bu fikrin davam olaraq isə möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Bu gün partiyanın 700 mindən artıq üzvü ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verirlər. Onlar ölkənin ictimai-siyasi həyatında  fəal iştirakları ilə  həyata keçirilən siyasətə dəstək olduqlarını nümayiş etdirirlər.”

Qeyd edək ki, əlamətdar hadisələrlə əlaqədar Neft Kəmərləri İdarəsinin əməkdaşları - Keyfiyyətə nəzarət şöbə rəisi Malik  Qazıyev, ƏT və TT şöbəsinin böyük mühəndisi İrina Əfəndiyeva, Dispetçer xidmətinin böyük dispetçeri Svetlana Mirzəyeva, “Abşeron” İB-nin təmirçi çilingəri Valid Rəhmanov, “Qaradağ” İB-nin təmirçi çilingəri Bayram Rəsulov, “İxrac” İB-nin çilingəri Rüfət Qasımov fəxri fərmanla təltif ediliblər. 

Nail Rəhimzadə, “İki sahil”