Planetimizin müxtəlif bölgələrində müxtəlif xalqlara məxsus maraqlı inanclar, bədbəxtliyə yozulan əlamətlər var. Bəzi xalqlar gün batandan sonra dırnaq kəsmirlər,bəzi xalqlarda istiotun dağılması, bəzilərində isə gəncləri tərifləmək yaxşı əlamət sayılmır. Aşağıda müxtəlif xalqlarda nəhs sayılan belə əlamətlərlə tanış ola bilərsiniz:
Çexiyada pivələri qarışdırmaq yaxşı əlamət sayılmır.
Çexiyadasınızsa, içərisində pivə olan badəyə başqa növ pivə heç vaxt süzməyin. Onlar bu halda başlarına bədbəxtlik gələcəyinə inanırlar.
Yunanıstanda 13 rəqəmli tarixə düşən çərşənbə axşamı günü pis gün hesab edilir.
Amerikanlar 13 rəqəmli tarixə düşən cümə günündən ehtiyat etdikləri kimi yunanlar da belə çərşənbə axşamından qorxurlar. Yunanlardakı bu qorxu 1204-cü il 13 aprel tarixində Konstantinopola xaç yürüşlərindən qaynaqlanır. XIX əsrin səyyahlarından biri öz qeydlərində bildirir ki, yunanlar ayın 13-nə təsadüf edən çərşənbə axşamında hətta üzlərini belə qırxmırlar.
Bəzi Latın Amerikası ölkələrində çərşənbə axşamında toy etmək bədbəxtliyə yozulur.
İkinci günlə bağlı mənfi inanclar latın Amerikasında da mövcuddur. Orada belə bir deyim var “En martes, ni te cases, ni te embarques, ni de tu casa te apartes”, tərcüməsi belədir “Çərşənbə günləri evlənmə, uzaq yol getmə, evdən çıxma”
Çinin bəzi balıqçılıqla məşğul olan rayonlarında bişirilən balığın üzünü çevirmək nəhs sayılır.Onlar bu zaman dənizdə fırtına olacağına, gəmi qəzalarının baş verəcəyinə inanırlar.
Avropanın bəzi yerlərində isə siqareti şamdan alovlandırmaq olmaz. Onlar bu zaman dənizçilərin bədbəxtliklə üzləşəcəyini güman edirlər.
Tacikistanda pulu əldən ələ vermək yaxşı sayılmır.
Bu siyahıya açar, iynə və qayçı da daxildir. İnanca görə, onları digər insana verərkən stolun üzərinə qoymaq lazımdır.
Avropanın bir çox yerlərində və Asiyanın qərbində yoldan unudulmuş əşyanın dalınca geri qayıtmazlar.
Çox vacib olub qayıtdıqda isə mütləq güzgüyə baxmaq və gülümsəmək, sonra evdən çıxmaq şərtdir.
Pensilvaniyada məskunlaşan almanlar arasında Yeni il bayramının səhərisi evə gələn qadın qonaq uğursuz sayılır. Kişi qonaq isə əksinə ruzi, bərəkət gətirmiş olur.
Türkiyədə üzərində ay əks olunmuş sudan içmək olmaz. Lakin ayın işığının əks olunduğu suda çimən adamın gözəlləşəcəyi, ay kimi işıq saçacağı inancı var.
Serbiyada körpələri əzizləmək olmaz. Əvəzində “Nə çirkin uşaqdır” ifadəsini işlədirlər.
XIX əsrdə Uelsdəki adətlərə görə, altı ayına qədər uşaqların dırnaqlarını kəsmirdilər. Xalq arasında dırnaqları kəsilmiş uşağın böyüyüb oğru olacağı inancı var idi.
Asiyanın bir çox ölkələrində qürub çağında dırnaq kəsmək olmaz. İnanca görə, bu zaman kəsilmiş dırnaq pis ruhları özünə cəlb edir.
Almaniyada ad günü münasibətilə insanları qabaqcadan təbrik etmək olmaz.
Bəzi Afrika ölkələrində bayquş bədbəxtlik rəmzidir. Orada bayquşun xəstəlik, hətta ölüm gətirdiyinə inanırlar.
Nubar Süleymanova, “İki sahil”