“SOCAR-AQŞ” “Bulla-dəniz” yatağının 6 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 5910 metr olan 78 saylı quyunun tikinti işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Müəssisənin əməliyyatlar üzrə baş direktorun müavini Eldar Yaradanquliyev 78 nömrəli quyuda qazmanın gedişatı barədə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edilərək quyu tikintisi uğurla başa çatdırılıb və sifarişçiyə təhvil verib: “78 nömrəli quyuda qazma işlərini aparmaqla müəssisəmiz bir sıra ilklərə imza atıb. Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib. Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8” qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8” qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub. Bununla yanaşı, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.”
E.Yaradanquliyev qeyd edib ki, 78 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçi olan “Azneft” İstehsalat Birliyi ilə öncədən müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib və sonda quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına nail olunub: “Əminliklə deyə bilərəm ki, yüksəktəzyiqli “Bulla-dəniz” yatağından 78 saylı kəşfiyyat quyusunun yüksək keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğurudur. Peşəkar qazma briqadamızın əzmi sayəsində “Bulla-dəniz” yatağında 6 saylı özüldə başladığımız ilk quyu tikintisini uğurla başa çatdırdıq. Müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik.”
Orxan Vahidoğlu, “İki sahil”