22 oktyabr 2024 00:25
131

Yaşıl dünya ilə bağlı yeni prioritetlər məhz paytaxtımızda müəyyənləşəcək - COP29

Bu mötəbər tədbir Azərbaycanın maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox dövlətlərlə yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından da əhəmiyyətli olacaq

Şübhəsiz, Bakıda keçirilən BMT-nin COP29 konfransı qlobal iqlim siyasətinin müzakirə edildiyi ən önəmli platformalardan biri olacaq. Burada iştirakçı ölkələr arasında iqlim dəyişikliklərinin təsirlərini azaltmaq və enerji keçidini sürətləndirmək üçün müzakirələr aparılacaq.

Qeyd etmək lazımdır ki, COP29 “maliyyə COP-u” kimi təqdim olunur. Çünki burada ölkələr üçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyən ediləcək. Böhranın güclənməsi ilə inkişaf etməkdə olan ölkələrin hazırda ehtiyac duyduğu iqlim maliyyəsinin faktiki məbləğinin ildə 500 milyard dollardan 1 trilyon dollara qədər olacağı təxmin edilir. COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır. İqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fondun mühüm rol oynayacağı gözlənilir.

COP29-da enerji istehsalının diversifikasiyası və xarici sərmayələri cəlb etmək üçün strateji addımlar atılacaq. Beynəlxalq maliyyə kanallarının açılması, investisiya mühitinin yaxşılaşdırılması və müasir texnologiyaların tətbiqi Azərbaycanın enerji sektorunun inkişafında həlledici rol oynaya bilər.

Azərbaycan iqlim dəyişikliyinə qarşı daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyərək COP29-a yüksək səviyyədə hazırlaşır. Prezident İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.

Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır. Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib. Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub. Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edilib. Dövlətimizin başçısı Media Mərkəzinə də baxıb. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Bildirilib ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Media nümayəndələri də  Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar. Bu məqsədlə təşkil edilən Mediaturda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib. İştirakçılar ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar. COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin keçiriləcəyi ərazidə olan media nümayəndələrinə hazırlıq işləri barədə məlumat verilib. Həmçinin tədbirin keçirildiyi məkan, media mərkəzində yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində icra olunan tədbirlər barədə iştirakçılar məlumatlandırılıb.

Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzin açılışında COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak ediblər. Onlar Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylanılması prosesini izləyiblər.

COP29 konfransının təşkilinə cəlb edilən işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 min nəfərə yaxın əməkdaşa xidmət göstərəcək mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Olimpiya Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq.

Qeyd edək ki, COP29 işçi qüvvəsinin istifadəsi üçün nəzərdə tutulan uniforma geyimləri dayanıqlılıq prinsiplərinə uyğun, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz, təkrar emal edilə bilən materiallardan hazırlanıb. COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunub. Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi həftənin 6 günü saat 10:00-18:00-a qədər xidmət göstərəcək. Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartı təqdim olunub.

Respublikamız COP29-a ev sahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyur. Buna görə də dünya ictimaiyyətinin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə bu iqlim konfransından gözləntiləri də çoxdur. Yaşıl dünya ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyinin gözlənilməsi də bunun bariz ifadəsidir.

COP29-un ölkəmizdə keçirilməsi müasir infrastrukturun daha da inkişafına, şaxələnməsinə yeni təkan verəcək. Azərbaycan bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi sahəsində yetərincə geniş imkanlara malikdir. COP29 bu potensialın daha yaxşı şərtlərlə gerçəkləşdirilməsi üçün xarici yatırımları cəlb etməyə, yeni texnologiyaların ölkəmizə gətirilməsini stimullaşdırmağa kömək edəcək. İnfrastruktur layihələrinin genişləndirilməsi, tətbiqi, ümumilikdə artıq bu sahədə inkişaf müşahidə olunur. 

Yaşıl gündəliyin tətbiqi, habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması Azərbaycanda yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Yol, nəqliyyat, hotelçilik və digər iş sahələrindəki infrastruktur layihələri yerli iqtisadiyyata, heç şübhəsiz, müsbət təsir göstərəcək. Turizm sektorunun canlanması, iş adamlarının yaranmış yeni imkanlardan faydalanaraq yeniliklərə imza atmaları, dövlət-özəl istehsal sektoru işbirliyinin qarşılıqlı faydalı əsasda inkişafı, ekoloji və iqlim diplomatiyası ümumi mənzərənin tamamlayıcı amilləri kimi çıxış edir.

Əminliklə deyə bilərik ki, COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim problemlərinin, sülh və təhlükəsizlik məsələlərinin həlli üçün qlobal mərkəzə çevriləcək. Azərbaycan yalnız COP29 günləri boyunca deyil, ilboyu yaşıl dünya mövzusuna köklənən ölkə kimi “COP atəşkəsi” təklifi irəli sürüb. Bu gerçəkləşərsə, gələcəkdə ənənəyə çevrilə bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”