08 noyabr 2017 15:55
1135

Müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır

“Yeni əsrin müqaviləsi”: müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan məharətlə çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini daha da möhkəmləndirib. Sözsüz ki, ölkəmizin bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu, misilsiz xidmətlərini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz Ulu Öndərin gərgin əməyi sayəsində XX əsrin layihəsi olan “Əsrin müqaviləsi” imzalandı, gənc müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni-yeni uğurlara imza atmağa başladı. O dövrü yaşadıq, gördük, ölkəmizin inkişafın ən yüksək mərhələlərinə qədər gəlib çıxdığına şahidlik etdik. 

Bütün dünyanın diqqətində olan “Cənub Qaz Dəhlizi” Avropa və Asiyanı birləşdirəcək

“Əsrin müqaviləsi” möhkəm təməl idisə, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” Azərbaycanın gələcək, dayanıqlı inkişafı deməkdir. Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Azərbaycan xalqı 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi”nin 20 illiyini qeyd etdi. Bu günün əsas özəlliklərindən biri isə XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması oldu. Tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başlayıb: “Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm: 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.”

 “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsi də tarixi hadisədir. Prezident İlham Əliyevin sözlərinə görə, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başlayıb: “2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.”

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Təsadüfi deyil ki, bir çox dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edirlər. Bu da ondan irəli gəlir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir. “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini nümayiş etdirən əsas amillərdən biri də təməlqoyma mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçılarının, rəsmi şəxslərin iştirak etməsi oldu. Onlar da öz çıxışlarında layihənin əhəmiyyətini vurğuladılar, Azərbaycanın bu sahədə atdığı addımları müsbət dəyərləndirdilər.  

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev qeyd etdi ki, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub: “Cənub Qaz Dəhlizi” bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı -Avropanı asılılıqdan azad edəcək. Burada rəqabətlilik, bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş olacaq.”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili əldə olunan uğurlara nəzər saldı: “Birgə səylərimiz nəticəsində biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm layihələri icra etmişik. Bu gün tarixi qərarla bağlı yeni planlar qurulur və həmin kəmərlərin genişlənməsi qərarları verilir. Trans-Anadolu qaz kəmərinin inşasına başlanılacaq. Beləliklə, Gürcüstan ərazisindən Yunanıstan, Albaniya və İtaliyaya qədər uzanacaq kəmər inşa ediləcək.”

Yunanıstanın keçmiş Baş naziri Antonis Samaras isə “Cənub Qaz Dəhlizi”ni gələcəyə baxış kimi dəyərləndirdi: “Cənub Qaz Dəhlizi” yalnız infrastruktur layihəsi deyil, bu, gələcəyə olan bir baxışdır və bu baxış artıq reallığa çevrilir. Bu baxış nəticəsində Avropa və Asiya birləşir. Enerji təminatı və enerji təhlükəsizliyi baxımından bu, gələcək illər ərzində müxtəlif dövlətlər və xalqlar arasında davamlı əməkdaşlığı təmin edəcək layihədir. Bu, nümunəvi bir əməkdaşlıq modelidir.”

Azərbaycanın çox möhtəşəm inkişaf yolu keçdiyini bəyan edən Monteneqronun sabiq Baş naziri Milo Cukanoviç isə bildirdi ki, enerji sahəsindəki dinamik dəyişikliklər həm ölkədaxili, həm də qlobal səviyyədə aydın hiss olunur. “Cənub Qaz Dəhlizi”nin tikintisinin başlanılması istər “Əsrin müqaviləsi”, istərsə də digər məsələlər baxımından çox vacibdir.

TANAP - Avropanın enerji xəritəsini dəyişəcək möhtəşəm layihə

Həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə öz yerini və rolunu möhkəmləndirən, xüsusilə enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşa çevrilən Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir çox ölkələr Azərbaycanla əməkdaşlığa can atırlar. Regionun lider dövlətinə çevrilən ölkəmiz, həmçinin dünya əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarı qismində çıxış edir. Qeyd etdiyimiz kimi, bu layihələrdən ən önəmlisi Avropanın enerji xəritəsini dəyişəcək TANAP-dır. TANAP üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. 5 il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək. İlk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə TANAP-la nəql olunacaq qazın həcminin ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Kəmərlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Dünyada qədim neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin böyük qaz ehtiyatlarına malikdir. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnoz ehtiyatlar isə ondan 2 dəfə çoxdur. Bütün bunlar isə ölkəmizə imkan verir ki, TANAP və bu kimi digər layihələri uğurla reallaşdırsın.

Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüslər sadəcə olaraq iqtisadi əhəmiyyət daşımır. Bu təşəbbüslər ölkələr arasında, həmçinin siyasi, mədəni və s. sahələrdə əlaqələrin qurulması və möhkəmlənməsinə, inkişaf etdirilməsinə xidmət edir. Azərbaycan Prezidenti də bu amilə xüsusi olaraq diqqət yetirir: “Cənub Qaz Dəhlizi”nin ötürmə qabiliyyəti kifayət qədər böyükdür və gələcəkdə lazım olarsa bu imkanlar daha da genişlənə bilər. Biz çalışmalıyıq ki, qonşu və dost ölkələri maksimum dərəcədə öz təbii qazımızla təmin edək. Beləliklə, yeni bir əməkdaşlıq formatı yaranır. Bu işlərdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Yəni bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaq. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona görə “Cənub Qaz Dəhlizi” sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu, iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək.”

TAP Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya çatdırılması üçün böyük imkanlar yaradır

“Cənub Qaz Dəhlizi” layihəsinin digər əsas seqmenti olan  “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi istiqamətində də işlər uğurla həyata keçirilir. Xatırladaq ki, TAP-ın təməli 2016-cı ilin may ayında Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP-ın tikintisində istifadə olunacaq boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. TAP-ın tikintisi çərçivəsində ilk turbo kompressorları artıq Yunanıstana çatdırılıb və onlar Kipoidəki kompressor stansiyasında quraşdırılacaq.

“Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində nəzərdə tutulur. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq.

Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan - 550 kilometr, Albaniya -215 kilometr, Adriatik dənizi - 105 kilometr, İtaliya - 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş tarixə “Yeni əsrin müqaviləsi” kimi həkk olundu

Bu il Azərbaycanın neft-qaz sənayesində daha bir önəmli hadisə baş verdi. Belə ki, sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bu saziş tarixə “Yeni əsrin müqaviləsi” kimi həkk olundu. Mərasimdə Prezident İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var: “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.”

Qeyd edək ki, ötən 23 ildə kontraktın icrası çox uğurlu olub. “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Hesablamalara görə, “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var.

“Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”, - bildirən cənab Prezidentimiz ötən dövrdə görülən işlərin kiçik bir hissəsini diqqətə çatdırıb.

Şübhəsiz ki, “Yeni əsrin müqaviləsi” müstəqil Azərbaycanın gələcək uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək, yeni uğurlara yol açacaq.

“İki sahil”