08 noyabr 2017 15:49
1365

2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol

Yeni neft strategiyasının uğurlu icrası: 2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadığı durumun ümumiləşdirilmiş xarakteristikası belədir: Azərbaycan öz dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayır, xalqın sabaha ümidi itmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin təməlini qoydu. Ümummilli Liderin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan  qısa müddətdə sabitlik diyarına çevrildi, investisiya axını sürətləndi. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Ən əsası Azərbaycan xalqı illərlə arzuladığı  bu istəyinə nail oldu - öz təbii sərvətlərinin sahibi olmaq.

Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək üçün səylərin birləşdirilməsini, təcrübə mübadiləsini vacib amil kimi önə çəkdi. “Azəri-Çıraq-Günəşli”  yataqlarının işlənilməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Uzun sürən  danışıqlardan və müzakirələrdən  sonra  1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  “Azəri-Çıraq-Günəşli” (dərinsulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 tanınmış neft şirkəti ilə tarixə  “Əsrin müqaviləsi” adı ilə daxil olan  neft sazişi imzalandı. Müqavilənin imzalanması dünyanın aparıcı dövlətlərini və şirkətlərini bir daha  əmin etdi ki,  Azərbaycan öz siyasətində  müstəqildir,  etibarlı tərəfdaşdır,   ölkəyə sərmayə qoyuluşu tam  təhlükəsizdir. Heç də təsadüfi deyil ki, Sazişin imzalanmasından  sonra xarici şirkətlərlə daha 34 müqavilə bağlanmışdır.

“Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan, çoxlarına əfsanə kimi görünən  Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  neft-qaz  kəmərləri reallığa çevrilməklə bugünkü uğurlara yol açdı.  Bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı ilə diqqət çəkir, qüdrətli dövlət  kimi tanınır, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi nüfuz qazanıb. 2006-cı il  mayın 28-də  Azərbaycan neftinin Ceyhan terminalına  çatması münasibətilə   xalqa təbrikində  Prezident İlham Əliyev bu mühüm hadisənin məhz  Respublika Gününə təsadüf etməsinin rəmzi mənası olduğunu bildirmişdir. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində  neft strategiyasının böyük rolu olduğunu önə çəkən dövlətimizin başçısı bu reallığı da qeyd etmişdir ki,  “Əsrin müqaviləsi” imzalanmasa idi, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi.

Tarixə nəzər salaq. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri BTC əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı  “Ankara Bəyannaməsi” imzaladı. Bir il sonra ATƏT-in  İstanbul Zirvə toplantısında  “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti  əraziləri ilə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməsinə dair” razılaşma əldə  olundu. Həmin sənədə ABŞ və Qazaxıstanın dövlət başçıları da imza atmaqla   müəyyən hüquqi və siyasi öhdəliklər götürdülər. Bir mühüm hadisəni də qeyd edək ki, 2002-ci il sentyabr ayının 18-də  BTC-nin çəkilişində  əsas tərəflər olan Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi oldu. İki il sonra Bakıda keçirilən təntənəli mərasimdə  BTC-nin maliyyələşdirilməsi ilə bağlı  sənəd imzalandı. Beləliklə, əfsanəni reallığa çevirən layihənin hüquqi statusu təsdiqləndi. 2005-ci ilin may ayında BTC-nin Azərbaycana, oktyabrında isə Gürcüstana aid hissəsinin neftlə doldurulması mərasimləri keçirildi. Ümumi uzunluğu  1768 km,  dəyəri 4 milyard ABŞ dolları olan BTC neft kəməri vasitəsilə  Azərbaycan neftini qəbul edən Ceyhan limanının rəsmi açılış mərasimi 13 iyul 2006-cı ildə keçirildi. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev bu mühüm hadisənin müstəqilliyimizin 15 illik tarixinə təsadüf etdiyini önə çəkərək, layihənin ölkəmizə böyük uğur gətirəcəyini əminliklə bildirmişdir: “Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində  Bakı-Tbilisi-Ceyhanın rolu danılmazdır və çox əhəmiyyətlidir.  Azərbaycan 15 ildir ki, müstəqil ölkə kimi yaşayır. Bu 15 il ərzində biz bütün dünyaya sübut etdik ki, müstəqil ölkə kimi  yaşaya bilərik və biz öz siyasətimizi Azərbaycan xalqının maraqları üzərində qururuq.” Avropanın enerji təhlükəsizliyinin təminatında  Azərbaycanın rolunu yüksək dəyərləndirən xarici ekspertlər də həmin ərəfədə bu inamla çıxış etmişdilər ki,   Bakı-Tbilisi-Ceyhan  dünya bazarında sabitliyi təmin edəcək və qarşıdakı 20 ildə dünyada  gündəlik neft istehsalı 40 faizdən çox artaraq 2025-ci ildə 115 milyon barrelə çata bilər.

Neft siyasətinin əsasını təşkil edən BTC əsas ixrac boru kəmərinin reallaşmasının  dövlətlərin, regionun, o cümlədən ölkəmizin  siyasi-iqtisadi  inkişafına təsirini geniş şərh etməyə ehtiyac yoxdur. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə  yönəlmiş çox mühüm layihə olduğunu bu gün də təsdiqləməkdədir.  Əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə  Azərbaycan nefti dünya bazarlarına çıxarıldı. Regional əhəmiyyətli bu layihə  həm də dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Zaman keçdikcə BTC haqqında deyilən qlobal layihə sözü təsdiqini tapdı. Belə ki, kəmərin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanındı. Bu gün Dövlət Neft Fondunun vəsaitlərinin həcminin 36 milyard dollardan artıq olması da neft strategiyasının uğurlu icrasının nəticəsidir. Hazırda BTC  yalnız Azərbaycanın deyil, Mərkəzi Asiya ölkələrinin enerji  resurslarının dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət kəsb edir. BTC Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurdu. Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi,  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq.

BTC neft kəmərinin ardınca 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu mühüm hadisə Azərbaycanı dünyanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirdi.  Ölkəmizdə hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunub. Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.

1994-cü ildə ilk müqavilə imzalanandan bu günə  “Azəri-Çıraq-Günəşli”yə  33 mlrd. dollar sərmayə qoyulub və 440 mln. ton neft hasil edilməklə ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. Növbəti 32 il müddətində isə AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı vardır.

Neft strategiyasının uğurlu icrasında SOCAR-ın yeri və rolunu xüsusi qeyd etməliyik.  Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik. Əlbəttə ki, burada Azərbaycanın təbii ehtiyatları həlledici rol oynamışdır. Ancaq bu gün artıq digər amillər də rol oynayır. Biz xaricə investisiyalar qoyuruq. Qonşu ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır, həm də xaricdən investisiyalar cəlb edirik.” Beynəlxalq enerji bazarlarına çıxmaq üçün xarici investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın Türkiyənin ən iri neft-kimya şirkəti olan “Petkim”in idarəçiliyini həyata keçirməsi, bu müəssisənin nəzdində  “Star” Neft Emalı Zavodunun tikintisi, Kulevi Qara Dəniz  Terminalında modernləşdirmə işlərini həyata keçirməsi, “SOCAR Energy Georgia” törəmə şirkətində  fəaliyyətinin yüksək təşkili və s. kimi addımları şirkətin sərmayə ayırmaq imkanlarını genişləndirir. Şirkətin Türkiyədə, Gürcüstanda açdığı yanacaqdoldurma məntəqələrinin sayı artmaqdadır. Ukrayna, Macarıstan, Rumıniya və digər ölkələrdə həyata keçirilən layihələr SOCAR-ın sərmayə imkanlarının genişləndiyinin, nüfuzunun artdığının təsdiqidir. Bu uğurlara sözsüz ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə nail olunub.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir.  

SOCAR-ın iqtisadi və maliyyə imkanlarının genişlənməsi  neft-qaz yataqlarında axtarış,  kəşfiyyat işlərini uğurla həyata keçirməsində də özünü təsdiqləyir. Məlum olduğu kimi,  2010-cu ilin noyabrında “Ümid” yatağının kəşfi  bunun bir daha təsdiqi oldu. Dövlətimizin başçısı İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə bildirmişdir: “Ümid” yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır. Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, “Ümid” yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl “Ümid”də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim: Biz “Ümid” yatağından ümidverici xəbərlər gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.” SOCAR rəhbərliyi ilə görüşünün yekun nitqində Prezident İlham Əliyev “Ümid”in əhəmiyyətini belə səciyyələndirmişdir: “Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsa idi, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir”.

2011-ci ilin sentyabrında isə  “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfə kimi dəyərləndirildi.  Dövlətimizin başçısı İlham Əliyev  bu mühüm hadisə ilə bağlı mətbuata açıqlamasında bildirmişdir: “Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır.  Bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini daşıyır. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz vardır. Yeddi neft-qaz kəmərimiz vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik.”  

Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlara qısa baxış ölkəmizin, eyni zamanda, SOCAR-ın qarşısında geniş imkanların mövcudluğunu təsdiqləməklə yanaşı, bu həqiqəti də  ortaya qoyur ki, düşünülmüş və məqsədyönü siyasət uğurların davamlığında əsasdır. “Əsrin müqaviləsi”nin  23 illiyi ərəfəsində Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanmasını  bir daha nümayiş etdirdi.  “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanan kontraktın Azərbaycan üçün önəmi böyükdür. Cənab İlham Əliyevin vurğuladığı kimi,   1994-cü ildə imzalanmış müqavilə də ölkəmizin maraqlarına tam uyğun idi. Yeni sazişin önəmini bu rəqəmləri açıqlamaqla daha aydın görmək olar. Ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.  “Əsrin müqaviləsi”ni “Yeni əsrin müqaviləsi” ilə tamamlayan Azərbaycan  qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq üçün formalaşdırdığı  möhkəm bazanı daha da təkmilləşdirir, yeni əlavələr edir.

“İki sahil”