08 noyabr 2017 14:50
5282

Ölkəmizdə 2 milyardıncı ton neftin hasil olunması tarixi hadisədir

Bu münasibətlə SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilib

Ötən gün SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunmasına həsr edilmiş tədbir keçirilib. “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov bildirib ki,  2 milyardıncı ton neftin hasil edilməsi böyük tarixi hadisədir.

Daşqın İskəndərov Azərbaycanda neft hasilatı tarixinin qədim olduğunu xatırladaraq qeyd edib ki, indi böyük nailiyyətlərə imza atılaraq işlər davam etdirilir: “1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neft hasil olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra 700 mln. ton neft hasil olunub. Bu həcmin 460 mln. tonu “Azəri-Çıraq-Günəşli” blokundan və “Şahdəniz” yatağından konsorsium tərəfindən, qalanı isə (240 mln. ton) SOCAR tərəfindən hasil edilib. Bunda da “Azneft” İB-nin kollektivinin böyük əməyi var”.

D.İskəndərov çıxışında insan kapitalının inkişafından da danışaraq bildirib ki, hazırda “Azneft” İB-də SOCAR-ın xarici təqaüd proqramı ilə təhsil almış 70-ə yaxın gənc çalışır. Birlik rəhbəri “Azneft”in qarşısında bundan sonra da görüləcək böyük işlər olduğunu əlavə edib: “Yeni yataqların açılmasına, hasilatın artırılmasına nail olmalıyıq”.

Tədbirdə çıxış edənlər ölkəmizin neft-qaz sənayesinin inkişafından bəhs ediblər. Sonda “Azneft” İstehsalat Birliyinin bir qrup əməkdaşı fəxri fərmanla təltif edilib.

x          x          x

Noyabrın 7-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) akt zalında şanlı neftçilərimizin əvəzsiz zəhməti sayəsində neftin sənaye üsulu ilə hasilatının 2 milyard tona çatdırılması münasibətilə təntənəli tədbir keçirilib.

Kimyaçılarla bərabər şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan neft sənayesinin inkişaf tarixindən söz açaraq bu şərəfli tarixin mərhələlər üzrə təsnifatını veriblər. Qeyd olunub ki, bu günlərdə respublikamızda neftin sənaye üsulu ilə hasilatının həcmi 2 milyard tona çatıb və bu da hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fəxarət hissi oyadır.

Natiqlər qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi və uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi baxımından tarixi nailiyyətdir və neft sənayesinin xüsusi bir mərhələsini təşkil edir. Bu gün Azərbaycan investisiya qoyuluşuna görə MDB məkanında ön yerdə dayanır. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulub ki, bu investisiyaların yarıdan çoxu neft-qaz sektorunun payına düşür. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət və atdığı qətiyyətli addımlar sayəsində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı önəmli bir tarixdir və bu, Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərə biləcək bir layihə olmaqla, Azərbaycanın ixrac potensialını yüksəldəcək, ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, biznesin inkişafı və bir sıra ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, respublikamızda möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən qlobal neft-qaz layihələrindən danışıb. M.Babayev bu nailiyyətin əldə olunmasında talelərini neft sənayesi ilə bağlayan, yüksək əmək coşğunluğu ilə çalışan şanlı neftçilərimizin zəhmətini yüksək dəyərləndirib və iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

x          x          x

Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması tarixi hadisədir. SOCAR-ın “Qaz İxrac” İdarəsində də bu tarixi hadisəyə həsr olunmuş tədbir keçirilib. Tədbiri idarənin rəisi Qağaməli Seyfullayev açdıqdan sonra  Azərbaycanın neft tarixində görkəmli yer tutan, adları tarixə qovuşan, dünyasını dəyişmiş neftçilərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib. Neftimizin tarixinə aid videoçarx nümayiş etdirildikdən  sonra “Qaz  İxrac” İdarəsinin rəisi Azərbaycanın  müasir tarixində bu hadisənin müstəsna əhəmiyyətindən danışıb: “Azərbaycanın yeni neft strategiyası və neft- qaz sənayesinin yeni və misilsiz inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bilavasitə Ümummilli Liderimizin rəhbərliyi və iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanmış  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG)  birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” ilə  başlanıb. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft-qaz strategiyası çərçivəsində ölkəmiz böyük uğurlar qazanıb.

Bu tarixi günlə əlaqədar olaraq, neft və qaz təsərrüfatında uzun müddət səmərəli xidmət etmiş, yüksək nailiyyətlər qazanmış işçilərimizin idarənin fəxri fərmanı ilə təltif edilməsinə  qərar verdik. Əlbəttə, həm idarə aparatında, həm də Magistral Qaz Kəmərləri sahələrində çalışan, uzun illər neft və qaz sənayesində səmərəli xidmət göstərən işçilərimiz az deyil.”

Sonda  fəxri fərmanlar təqdim olundu. Təltif olunanlar onların əməyinə verilən qiymətə görə SOCAR- ın və “Qaz İxrac” İdarəsinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

x          x          x

SOCAR-ın Qaz Emalı Zavodunda (QEZ) da Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması münasibətilə tədbir keçirilib. Əvvəlcə müəssisənin kollektivi ümummilli lider Heydər Əliyevin zavodun həyətindəki büstü  önünə  gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

Sonra tədbir zavodun rəhbərliyi, zavod veteranları və qabaqcıl işçilərilə birgə çay süfrəsində davam etdirilib. Burada SOCAR-ın və Qaz Emalı Zavodunun tarixindən danışılıb, veteranlar müxtəlif hədiyyələrlə mükafatlandırılıb, xüsusi fərqlənmiş işçilərə fəxri fərman və hədiyyələr təqdim olunub. 

Tədbirdə çıxış edən QEZ-in direktoru Aqşin Paşayev Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunmasını mühüm hadisə adlandırıb, zavodun kollektivinə, ümumilikdə çoxminli neftçilər ailəsinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nail Rəhimzadə,
Orxan Vahidoğlu, “İki sahil”