08 noyabr 2017 14:47
3402

SOCAR prezidenti Rövnəq Abdullayev neftçiləri təbrik edib

2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması münasibətilə SOCAR prezidenti Rövnəq Abdullayevin neftçilərə təbriki

Azərbaycan neft-qaz sənayesinin hörmətli əməkçiləri!

Hörmətli veteranlar, neft elminin dəyərli mütəxəssisləri!

Əziz neftçilər!

Sizi qədim və şərəfli neft sənayemizin tarixində baş verən əlamətdar hadisə - 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram. Hər bir Azərbaycan vətəndaşının qəlbini böyük qürur hissi ilə dolduran bu hadisə ölkəmizin tarixində və ictimai-siyasi həyatında müstəsna önəm kəsb edir. Azərbaycanın neft-qaz sənayesinin bu növbəti uğuru ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir və bu mənada tarixi əhəmiyyətə malikdir.

Azərbaycan neftçiləri üçün sonsuz iftixar mənbəyinə çevrilmiş bu əlamətdar hadisə bütün xalqımız tərəfindən dövlət səviyyəsində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Dövlətimizin müdrik rəhbəri, neftçilərin böyük dostu cənab İlham Əliyev bu hadisəni yüksək qiymətləndirərək, neftçilərin bir qrupunu dövlət təltifləri ilə mükafatlandırmış, onları orden və medallarla təltif etmiş, fəxri adlara layiq görmüşdür. Azərbaycan Prezidentinin bu bayram gününü neftçilərlə birlikdə qeyd etməsi, bizim işimizə yüksək dəyər verməsi hamımız üçün böyük şərəfdir. Çoxminli neftçilər ordusu adından bütün bunlara görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir, dövlətimizi və xalqımızı əmin edirik ki, Azərbaycan neftçiləri öz sələflərinin qədim ənənələrinə daim sadiq qalaraq, bundan sonra da əzmlə çalışacaq, iqtisadiyyatımızın daha da möhkəmləndirilməsi, xalqımızın maddi rifah halının artırılması üçün ölkədə neft və qaz hasilatının texniki səviyyəsinin və səmərəsinin daha da yüksəldilməsinə nail olacaqlar.

Bu şanlı nailiyyət ilk növbədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyamızın zəfər təntənəsidir. Bu gün biz xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Azərbaycan neft-qaz sənayesinin böyük bir dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Bugünkü  uğurlarımız hələ sovet dövründə Onun gərgin əməyi sayəsində axtarış-kəşfiyyat, qazma, hasilat, emal və başqa sahələrdə yaradılmış zəngin infrastruktur potensialının gücünə əsaslanır. Müstəqillik illərində Azərbaycanın qədim neft-qaz sənayesi Ulu Öndərin rəhbərliyi ilə öz tarixinin yeni və misilsiz inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun təkmilləşdirilmiş enerji strategiyası ötən illərdə ölkəmizə böyük nailiyyətlər qazandırmışdır və bu gün də neft-qaz sənayemizi yeni-yeni qələbələrə aparır.

Bu böyük uğurun əsasında qəhrəman Azərbaycan xalqının fədakar əməyi dayanır. Biz bu günə yüz minlərlə geoloq və geofizikin, qazma və hasilat ustasının, inşaatçı və energetikin, başqa şərəfli əmək adamlarının gərgin səyləri, zəngin bilik və təcrübəsi, işgüzarlığı, əzmkarlığı nəticəsində gəlib çatmışıq. Onların əmək rəşadəti yeni nəsillər üçün örnəkdir. İndi neft mədənlərində, kəşfiyyat dəstələrində, qazma buruqlarında, emal və kimya zavodlarında, tikinti meydançalarında öz ata-babalarını əvəz edən gənc nəsil onların işini uğurla davam etdirir.

Mən burada alimlərimizin əməyini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan neft sənayesinin bütün inkişaf mərhələlərində alimlərimiz mühəndis-texniki işçilərlə sıx yaradıcılıq əməkdaşlığı şəraitində çalışmış və istehsalatın elm tutumunun yüksəlməsinə, mütərəqqi metod və texnologiyaların geniş yayılmasına nail olmuşlar. Bu əməkdaşlıq bu gün də uğurla davam edir. Şübhə yoxdur ki, elmlə təcrübənin vəhdəti gələcəkdə bizi daha böyük əmək qələbələrinə aparacaqdır.

Neft-qaz hasilatında əldə olunan nailiyyətlər SOCAR-ın inkişafı üçün böyük imkanlar yaratmışdır. Azərbaycan bu gün Avropanın ən böyük enerji və infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və avanqard qüvvəsi kimi bütün dünyada böyük etimad qazanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, son illər müasir tipli, rəqabət qabiliyyətli bir şirkətə çevrilmək yolunda inamlı addımlar atan SOCAR ölkə daxilində və xaricdə bir sıra iri, uğurlu investisiya layihələri həyata keçirir. Gürcüstanda, İsveçrədə, Türkiyədə, Rumıniyada, Ukraynada və bir çox başqa ölkələrdə əldə etdiyimiz aktivlər beynəlxalq enerji sektorunda şirkətimizin mövqeyini gücləndirmişdir. Müstəqil dövlətimizin və onun müdrik rəhbərinin dəstəyi ilə qarşımızda açılan yeni üfüqlərə doğru durmadan irəliləmək, yerin təkindən çıxarılan milli sərvətə əlavə dəyər qatmaq, treydinq, emal və qaz-kimya texnologiyalarını təkmilləşdirmək hesabına əlavə qazanc əldə etmək qarşımızda duran mühüm vəzifələrdəndir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə böyük töhfə olacaq SOCAR Polimer, SOCAR Karbamid layihələri, Türkiyədə STAR Neft Emalı Zavodunun inşası məhz bu məqsədlərə xidmət edir. Artıq gələn ildən etibarən bu zavodlar istismara veriləcək və gücümüzə güc qatacaqdır.

Bu gün neftçilərimizin bir çoxu iş başında, dəniz mədənlərində, kəşfiyyat ekspedisiyalarında, qazma və tikinti meydançalarında əmək növbəsindədirlər. Mən onları xüsusi salamlamaq, onların fədakar əməyini vurğulamaq istəyirəm.

Mən bu gün bizimlə çiyin-çiyinə çalışan, ölkəmizin neft-qaz sənayesinin inkişafına dəyərli töhfələr verən xarici tərəfdaşlarımızın, podratçı və subpodratçı şirkətlərin xidmətlərini qeyd etmək istəyirəm. Qədim neft diyarı Azərbaycanın şöhrətinin dünyaya yayılması naminə misilsiz əmək sərf etmiş bütün neftçilərimizə, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli layihələrdə bizimlə əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirir, uğurlar arzulayıram. 

Bir daha hamınızı bu böyük hadisə münasibətilə təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar, ailə səadəti arzulayıram.    

Hörmətlə,

Rövnəq Abdullayev

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı