25 oktyabr 2024 12:37
252

Kamaləddin Qafarov: 25 oktyabr – Qubadlının işğalçılardan azad olunduğu gündür

“Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Ölkə Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncam nühüm siyasi əhəmiyyət kəsb edən bir sənəddir. Bu Sərəncama əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu tarixi günlərin ümumxalq səviyyəsində qeyd olunması bir daha bizim öz torpaqlarımıza bağlılığını bütün dünyaya nümayiş etdirir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub”.

“İki sahil” xəbər verir ki, bunları Milli Məclisin deputatı Kamaləddin Qafarov 25 oktyabr Qubadlı şəhəri günü ilə bağlı mətbuata verdiyi açıqlamasında deyib.

Millət vəkili bildirib ki, 1988-ci ildən başlayaraq Qubadlı rayonu həm Ermənistandan, həm də keçmiş Dağlıq Qarabağdan mütəmadi olaraq təcavüzkar hücumlara məruz qoyulmuş, dinc əhaliyə qarşı tеrror aktlarının törədilməsi sistеmli hal almışdır. “Beş il davam edən hücumların nəticəsində Qubadlı 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. Bu dövrdə Ermənistan hökuməti tərəfindən Qubadlıda bir çox digər cinayətlərlə yanaşı, qanunsuz məskunlaşma da həyata keçirilmişdir. Ölkəmizin ərazisinə gizli yolla keçirilən, həm də əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilən ermənilər üçün Qubadlının Xanlıq kəndində qəsəbə də salınmışdı. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Qeyd olunmalıdır ki, birbaşa Azərbaycan Prezidentinin səyləri və çoxsaylı təşəbbüsləri sayəsində artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.”

K.Qafarov II Qarabağ savaşının gedişində məhz Qubadlının azad edilməsinin strateji əhəmiyyət kəsb edən qələbələrdən biri olduğunu vurğulayaraq bildirib ki, bu əməliyyat ordumuzun yüksək döyüş və taktiki hazırlıq səviyyəsinin daha bir nümayişi oldu: “Düz dörd il bundan əvvəl- 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Ordusu Qubadlı rayonunun azad edilməsi əməliyyatına başladı. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Qubadlı şəhəri əməliyyatın birinci günü düşməndən təmizləndi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qələbənin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub. Qubadlı azad olunandan sonra Şanlı Ordumuzun Laçın istiqamətində yolu açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də işğaldan azad edildi. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü və müharibənin taleyi həll olundu. Artıq bütün dünya, həm də düşmən gördü ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dura bilməz” .