29 oktyabr 2024 02:58
382

Mülki, yoxsa hərbi missiya?..

Münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq, etimadı möhkəmləndirmək adı altında Avropa İttifaqının  (Aİ) Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci ilin  oktyabrında Praqa görüşündə gündəmə gəlmişdi. O zaman  Prezident İlham Əliyev ölkəmizin ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Sonrakı mərhələdə ermənipərəst Fransa “kiçik bacı”sı Ermənistana yardım məqsədilə missiya ilə bağlı çərçivələri pozdu. Nəticədə Azərbaycanın razılığı alınmadan Ermənistana ikiillik missiya göndərmək qərara alındı və sayı da artırıldı. Hazırda bu “mülki missiya”nın tərkibində  Avropanın 25-ə yaxın ölkəsinin, həmçinin Kanadanın istefaya çıxmış hərbi zabitləri “fəaliyyət” göstərirlər.

Aİ-nin Ermənistandakı monitorinq missiyasının məlumatına əsaslanaraq qeyd edək ki, bu günlərdə Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup da “mülki missiya”ya qoşulub. Qeyd edilib ki, qrupun tərkibindəkilərdən üçü polis əməkdaşı, digərləri isə mülki şəxslərdir. Göründüyü kimi, bölgədə sülhün təmin olunmasına heç bir formada töhfə verməyən “mülki missiya” sıralarını genişləndirməkdə davam edir. Bununla da missiya faktiki olaraq sözün həqiqi mənasında NATO missiyasına çevrilməkdədir.

Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan hissəsində “lövbər salmış”  “Avropa müşahidəçilər missiyasının” səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır. Amma rəsmi İrəvan missiyanın fəaliyyətini növbəti dəfə də uzatmaq niyyətindədir. Odur ki, bu məsələ ilə bağlı  müzakirələr aparılır. Hətta bu günlərdə  xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistandakı mülki müşahidə missiyasının mandatının uzadılması məsələsi ciddi şəkildə nəzərdən keçirilir. Bu  prosesdə Ermənistandan daha çox Aİ canfəşanlıq edir. Şübhəsiz, bu da Cənubi Qafqazda pozucu siyasət yürüdən Aİ-nin, həmçinin bu qurumda söz sahibi olan Makron Fransasının  maraqları ilə üst-üstə düşməsindən qaynaqlanır.

Amma hazırda görünən odur ki, bölgədə sülhün təmin olunmasına heç bir formada töhfə verməyən “mülki missiya”nın iki dövlət arasında nizamlanma prosesi getdiyi bir dönəmdə mövcudluğuna heç bir ehtiyac yoxdur. Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təbirincə desək, bu missiyanın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib. Ermənistan isə hələ də bunu anlamaq istəmir. Bu da rəsmi İrəvanın “binokl diplomatiyası”nın təmsilçilərinin əli ilə sərhəd təxribatlarını davam etdirəcəyindən xəbər verir.

Hadisələrin gedişatı göstərir ki, bu missiya yalnız və yalnız bölgədə möhkəmlənmək istəyən Qərbin, həmçinin ABŞ-ın maraqlarına xidmət edir. Yəni, Azərbaycan, Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayır. Bununla da bölgədə məqsədli şəkildə etimadsızlıq və təxribatların artmasına rəvac verir.  Yeri gəlmişkən qeyd edək ki, bu ayın 23-də missiya Zəngilan isitqamətində "peyda” olub. Oktyabrın əvvəlində isə missiyanın Gorus-Laçın sərhədində daha doğrusu, vaxtilə Xankəndini Ermənistanla birləşdirən yol istiqamətində müşahidələr aparmasi ilə əlaqədar foto və video yayılmışdı. Bununla da Aİ-nin “mülki” adlandırılan casuslardan ibarət missiyasının məqsədinin ancaq təxribatlara qulluq etməsi bir daha təsdq olunur.

Bir məsələni də vurğulayaq ki, məhz bu “mülki missiya”nın fəaliyyətə başlamasından sonra təcavüzkar ölkənin daha sürətlə silahlanması müşahidə olunub. Eyni zamanda şərti sərhəddə hərbi təxribatların sayı artıb. Müharibədən sonrakı dövrdə Ermənistanda revanşizm meyillərinin çoxalmasında da onların “əməyi” vardır.  Bununla da “mülki missiya” bölgədə sülh və etimad mühitinin pozulmasına öz “töhfə”sini verir. Şübhəsiz, missiyanın fəaliyyətinin uzadılması  bölgədəki sabitliyə ciddi təhdid yaradır. Üstəlik, "binokl diplomatiyası" bölgədə hərbi eskalasiyanı stimullaşdırır. Azərbaycan haqlı olaraq bu missiyanın fəaliyyətinin davam etdirilməsinə etirazını bildirir. Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən haqlı olaraq demişdi ki,  missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənardır. Dövlətimizin başçısı, həmçinin bildirmişdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Şübhəsiz, bu vəziyyət yalnız Azərbaycanın deyil, həm də Rusiyanın maraqlarına ziddir. Odur ki, Rusiya dəfələrlə Aİ-nin missiyasını tənqid edərək, onun əsas məqsədinin ölkəsinin regiondakı hərbi mövqelərini izləmək olduğunu bəyan edib. Amma nədənsə İran hələ də buna ciddi reaksiya vermir.

Qvami Məhəbbətoğlu, “İki sahil”