29 sentyabr 2024 19:43
31

Tarixi hadisəyə şahidlik edirik

Müstəqil və müasir Azərbaycan tarixində çox əlamətdar bir hadisəyə şahidlik edirik. Qəhrəman Azərbaycan ordusunun misilsiz xidmətləri sayəsində işğaldan azad olunmuş qədim şəhərlərimizdən birində - Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Qarabağ Universiteti yaradılıb. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirak etmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuş, universitetin müəllim və tələbə heyəti görüşmüşdür. Görüşdə ölkə başçısı bu ali təhsil ocağının yaranma zərurəti və əhəmiyyəti barədə söhbət açaraq qeyd etmişdir ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və bu universitetin əlamətdar bir gündə - 20 sentyabrda açılışı xalqımız üçün rəmzi məna daşıyır.

Dövlət başçısı bu görüşdə bir çox vacib məqamlara toxunmuş, bu ali təhsil ocağının bölgənin inkişafında xüsusi önəm daşıyacağına əmin olduğunu vurğulamışdır. Belə ki, təhsil millətin gələcəyinə, ölkənin inkişafına xidmət edən ən vacib sahələrdən biridir. Ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsinə, dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə xüsusi fikir verilir. Belə ki, Heydər Əliyev Fondunun ölkəmizin bütün kənd və şəhərlərində həyata keçirdiyi çoxsaylı layihələri içərisində təhsil layihələrinin öz yeri var. Eyni zamanda, təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin də payı ildən-ilə artmaqdadır. Ümumiyyətlə, Azərbaycan təhsilinin hərtərəfli inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davamlı diqqət və qayğısı ilə tam əhatə olunub. Dövlət başçımızın apardığı müdrik siyasət ölkəmizdə yeni təhsil müəssisələrinin yaradılmasına səbəb olur. Qarabağ Universiteti də məhz belə bir münbit şəraitdə fəaliyyətə başlayır. 

Qarabağ Universiteti həm Qarabağın, həm də ölkənin elm və təhsil sisteminə böyük töhfələr verəcək. Burada işləyən müəllimlər, oxuyan tələbələr xüsusi məsuliyyət hissi daşımalı olacaqlar. Çünki bu ali təhsil ocağı tarixi qələbəmizin nəticəsində həyata vəsiqə almışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ Universitetində söylədiyi dərin fikirlər bu universitetin nikbin gələcəyindən, böyük uğurlara imza atacağından xəbər verir. Cənab Prezident qeyd etmişdir ki, Qarabağ Universiteti Azərbaycanda baş verən bütün ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə yaxından iştirak edəcək və ölkəmizin ümumi inkişafında dəyərli işlər görəcək.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev deyirdi ki, təhsil millətin gələcəyidir. İnşallah ki, təhsilimiz də, millətimiz də, gələcəyimiz də... işıqlı, nurlu, aydın və parlaq olacaq!

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü