07 noyabr 2017 14:43
1070

Qəhrəman Azərbaycan neftçilərinin şanlı qələbəsi

Heydər Əliyev adına Neft Emalı Zavodunda 5 noyabr 2017-ci ildə 2 milyardıncı ton neftin hasil olunması münasibətilə tədbir keçirildi

Noyabrın 6-da SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) Azərbaycanın neft tarixinə şanlı səhifə kimi yazılan 2 milyardıncı ton neftin hasil olunması münasibətilə tədbir keçirildi.

Tədbirdə əvvəlcə neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra neft sənayesinin tarixinə həsr olunmuş film nümayiş olundu. Tədbirdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, Heydər Əliyev adına NEZ-in rəhbərliyi və kollektivi iştirak edirdilər.

Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov qeyd etdi ki, bu günlərdə qəhrəman Azərbaycan neftçiləri növbəti şanlı qələbələrinə imza atıblar: “Onların böyük, tarixi əməyi sayəsində hasil olunan neftin qeydiyyatı başladığı 1871-ci ildən Azərbaycanda 2 milyard ton neft hasil olunub. Bu münasibətlə sizi təbrik edir, şərəfli işinizdə uğurlar arzulayıram."

Azərbaycan neftinin tarixi barədə məlumat verən E.İsmayılov vurğuladı ki, neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib: “XVIII-XIX əsrlərin sənaye inqilabı neftə tələbatı kəskin artırdı və onu ölkənin inkişafı üçün birinci dərəcəli əhəmiyyətə malik strateji məhsula çevirdi. Dünyada neft "bumu" başladı. Azərbaycanın neftçıxarma sahəsinə xarici sərmayə axını başladı. Qədim neftçıxarma ənənələrinə malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində ən yeni texnologiyaların ixtirası və ilkin tətbiqi meydanına çevrildi. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanıb. Hələ XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranıb və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılıb. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmışdı, dünya neft hasilatının yarısını verirdi. 1901-ci ildə isə Azərbaycan 11,5 mln. ton neft hasil edərək dünyada birinci yerə çıxıb (ABŞ-da həmin ildə 9,1 mln. ton neft hasil edilib)."

E.İsmayılov məlumat verdi ki, Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb: “Azərbaycanın iqtisadiyyatında aparıcı sahələrdən olan Heydər Əliyev adına Neft Emalı Zavodu  özünəməxsus tarixi inkişaf yolu keçib, ölkəmizin sosial-iqtisadi təqəqqisinə güclü təkan verib. Zavodun yarandığı tarix keçən əsrin birinci yarısına təsadüf edir. 1953-2016-cı illər ərzində zavodda 329 milyon tondan çox neft emal olunub, yeni neft məhsullarının istehsalı mənimsənilib. O cümlədən, müstəqillik illərində 113 milyon ton neft emal olunub. Hazırda 3 minə yaxın işçisi olan Heydər Əliyev adına NEZ-də 15 adda neft məhsulu istehsal edilir. Bu gün zavod respublikanın neft məhsullarına tələbatını tamamilə ödəyir. Bundan əlavə zavodun istehsal etdiyi məhsullar xaricə, o cümlədən Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə ixrac edilir. Son illər sıçrayışla inkişaf edərək modernləşən, yenidən qurulan müəssisənin respublikamızda və MDB məkanında ilk dəfə olaraq beynəlxalq sertifikatlara layiq görülməsi onun böyük müvəffəqiyyətlərindən xəbər verir."

SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov Azərbaycanın neft tarixinə şanlı səhifə kimi yazılan 2 milyardıncı ton neftin hasil olunması münasibətilə tədbir iştirakçılarını, o cümlədən bütün neftçiləri və Azərbaycan xalqını təbrik etdi: "1971-ci il martın 28-də Azərbaycanın yeraltı sərvətlərinin istismarının başlandığı andan milyardıncı ton (1 milyard) ton neft çıxarıldı. Bu ölkəmizin neft sənayesinin tarixinə şanlı səhifə kimi yazıldı. SOCAR-ın neft emalı kompleksinə aid müəssisələri əvvəlki dövrlərdən bu günə kimi uğurla işləyiblər. Bu günədək təqribən 1.4 milyard ton neft emal olunub və məhsul şəklində istifadə olunur, xarici bazarlarda satılır. Azərbaycanda hasil edilən 2 milyard ton neftin təqribən 60-70 faizi ölkəmizin neft emalı zavodlarında emal olunub. Emal sahəsində ölkənin neft məhsullarına olan tələbatı tam ödənilməklə yanaşı, SOCAR-ın neft məhsullarının ixrac olunması ilə əlaqədar öhdəliklərinin yerinə yetirilməsi istiqamətində də ardıcıl iş aparılıb."

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov möhtəşəm gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək, neft sənayesinin və emal sənayesinin tarixi inkişafından danışaraq, bugünkü moderinizasiya və yenidənqurma işlərindən ətraflı bəhs etdi: "XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqillik əldə etdikdən sonra da Azərbaycan ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi genişmiqyaslı iqtisadi siyasət nəticəsində bugünkü neft strategiyası uğurlar əldə edir."

Orxan Vahidoğlu, 
Vüsal Cahanov (foto), “İki sahil"