05 noyabr 2024 11:56
384

Xalq-iqtidar birliyi Azərbaycanı yeni qələbələrə aparır

2020-ci ildə sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə qazanılan şanlı Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. 44 günlük Zəfər tarixi Azərbaycanda bütün siyasi qüvvələrin, xalqın birlik, həmrəylik səylərini daha da gücləndirdi. Ölkəmiz üçün yeni dönəmin başlanğıcı oldu. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq düşmən tapdağında olan tarixi torpaqlarını 44 günə geri qaytardı. Müzəffər ordumuz düşmənin başını əzdi və qisasını döyüş meydanında aldı. Xalq öz gücü ilə işğal altında olan torpaqlarını azad etdi və Möhtəşəm Zəfərə nail oldu. Azərbaycan xalqı 30 il davam edən danışıqlardan sonra öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq. Bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi, dövlətimizin isə qalib dövlət kimi yaşamağa haqqı var. Qarabağ münaqişəsinin həll edilməsini özünün başlıca vəzifəsi hesab edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sürətlə aparıldı və Azərbaycan müasir orduya malik oldu. Gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olundu, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Vətənpərvər gənclərimiz döyüş meydanında mənfur düşmənə sinə gərərək onları tarixi torpaqlarımızdan qovdu və Zəfərimizi təmin etdi. 

2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.

Doğrudan da, müharibə günlərində bütün dünya gördü ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Dövlət başçımızın dediyi kimi, bu fakt bi­zim gələcəyimiz üçün çox önəmlidir. Prezident cəbhədəki uğurlar barədə danışarkən dəfələrlə deyib ki, mənim qətiyyətimi xalqın mövqeyi qat-qat artırırdı: “Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordu­muz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir”.

Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. Günümüzün reallığı deməyə əsas verir ki, biz bundan sonra ancaq və ancaq güclənəcəyik. Postmüharibə dövrü bu reallığı bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim birliyimizi və gücümüzü dünyaya bəyan etdi. Bu gün xalqımız cəsur və qəhrəman xalq kimi tanınır. Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Məğrur xalqımız həyata keçirilən, səmərəli, məqsədyönlü daxili və xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Xalqın öz Liderinə inamı və Xalq-iqtidar birliyi isə Azərbaycanı yüksəlişə, yeni qələbələrə və parlaq gələcəyə aparır.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı