05 noyabr 2024 12:09
219

Vətən müharibəsinin xronikası: 5 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

“İki sahil” hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

5 noyabr - müharibənin 40-cı günü

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

• Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

• Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb. 

• Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.

• Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2 min 971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə “Smerç” raketi atıb – AZƏRTAC-ın foto və videosu.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağdam rayonun Birinci Baharlı qəsəbəsində çəkilişlər aparıblar.